Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi”ni ratifikasiya edib. Bununla bağlı məsələ Milli Məclisin plenar iclasında müzakirə edilib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qanun layihəsi ilə bağlı məlumat verib.
Komitə sədri bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 2021-ci il 27 noyabr tarixində Türkmənistanın Aşqabad şəhərində keçirilmiş 25-ci iclasında İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsi qəbul olunub. Həmin sənədə əsasən, mərkəzin qərargahının Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşdirilməsi nəzərdə tutulub.
Bildirilib ki, təqdim olunan Ev Sahibi Ölkə Sazişinin əsas məqsədi Mərkəzin öz funksiyalarını və vəzifələrini səmərəli şəkildə həyata keçirməsi üçün zəruri şərait yaratmaq, eləcə də Mərkəzlə ev sahibi ölkə arasında hüquqi və təşkilati münasibətləri tənzimləməkdir.
Sənəddə Mərkəzin Bakı şəhərində yerləşməsi, binanın saxlanılması, təhlükəsizlik və sanitar tələblər, fövqəladə hallar zamanı görüləcək tədbirlər, binanın və arxivlərin toxunulmazlığı, əmlak və maliyyə aktivlərinin hüquqi müdafiəsi, vergi və gömrük güzəştləri, rabitə imkanları, əməkdaşların immunitet və imtiyazları, yaşayış və viza məsələləri kimi mühüm istiqamətlər öz əksini tapıb.
Vurğulanıb ki, bu saziş Azərbaycanın beynəlxalq enerji diplomatiyasının güclənməsinə, ölkəmizin yaşıl enerji və dayanıqlı inkişaf sahəsində regional mərkəz kimi mövqeyinin möhkəmlənməsinə, eyni zamanda İƏT məkanında əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva layihə ilə bağlı təmsil etdiyi komitənin rəyini bildirəndən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Xatırladaq ki, 2 dekabr 2025-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi" imzalanıb. Saziş Mərkəzin öz funksiyalarını və vəzifələrini səmərəli şəkildə həyata keçirməsini, o cümlədən Nizamnaməyə uyğun olaraq TEM-in hüquqi statusunu, imtiyazlarını müəyyən edir, həmçinin TEM və Ev Sahibi Ölkə arasında münasibətləri tənzimləyir.
