İyulun 8-i ADA Universitetində 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib.
Renewables.az-ın məlumatına görə, mərasimdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, Azərbaycan Respublikası energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, “GL Group”un baş icraçı direktoru Asif Zeynalov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və “KOLİN Azərbaycan”ın baş direktoru Barış Altıparmak çıxış ediblər.
Tədbir zamanı ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Bakı Yay Enerji Məktəbinin 2007-ci ildən bəri hər il keçirildiyini xatırladıb. O qeyd edib ki, proqramın Xəzər regionu ölkələrində enerji və ekoloji problemlərə diqqət yetirməsi, həm yerli, həm də beynəlxalq iştirakçılar üçün faydalıdır.
ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə builki yay məktəbinin mövzusunun bərpaolunan və eləcə də yaşıl enerji olduğunu və bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransına həsr edildiyini vurğulayıb. F.İsmayılzadə, həmçinin qeyd edib ki, yay məktəbi Azərbaycanın 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq planının mühüm hissəsi olan bərpaolunan enerji potensialının inkişaf etdirilməsi öhdəliyinə töhfə vermək məqsədi daşıyır.
Qeyd edilib ki, Bakı Yay Enerji Məktəbi Xəzər regionuna xüsusi diqqət yetirərək, enerji və ekologiya məsələlərini araşdırmaq və öyrənmək üçün dünyanın tanınmış alimlərini, siyasətçilərini və ekspertlərini bir araya gətirən beynəlxalq iki həftəlik sertifikat proqramıdır.
Proqram Xəzər regionunun enerji landşaftında transformativ dəyişikliklərə, davamlı inkişafa və iqtisadi artıma töhfə vermək üçün dövlət və özəl sektorların kollektiv səylərini özündə əks etdirir.
İnteraktiv mühazirələr, nümunə araşdırmaları və tədqiqat səfərləri ilə dolu olan bu yay proqramı bir neçə tanınmış enerji şirkətlərindən, beynəlxalq təşkilatlardan, ali təhsil müəssisələrindən yüksək və orta səviyyəli mütəxəssisləri, eləcə də enerji və ekoloji məsələləri araşdıran alim və ekspertləri cəlb edib. Builki proqramda 12 ölkədən 50 iştirakçı iştirak edəcək. Həmin ölkələr sırasında Azərbaycan, Albaniya, Bolqarıstan, Çexiya, Çin, Macarıstan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Vyetnam, ABŞ və Böyük Britaniyanı qeyd etmək olar.
Proqram iştirakçıları Çexiya Respublikasının Sənaye və Ticarət Nazirliyini, Bolqarıstanın Xarici İşlər Nazirliyini, Səudiyyə Ərəbistanının Energetika Nazirliyini, Vyetnamın Neft və Qaz Qrupunu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətini, “bp Azərbaycan”ı , ABŞ və Macarıstandakı beyin mərkəzlərini və digər təşkilatları təmsil edirlər.
İkihəftəlik proqram bir həftə Bakıda, bir həftə isə Gürcüstanın paytaxtı Tbilisidə iyulun 8-dən 19-dək keçiriləcək. Məktəbin beynəlxalq formatı iştirakçılara enerji məsələləri və Yaşıl Enerji Dəhlizi ilə bağlı regional perspektivləri öyrənməyə, klassik enerji mənbələri və bərpaolunan enerji mövzularına kompleks regional yanaşmanı təmin etməyə imkan verir.
Rəylər (0):