COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisi üzrə hərracın qalibi elan olunub.
Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, hər kilovat-saat elektrik enerjisi üçün ən aşağı təklif verən “Universal International Holdings Limited” şirkəti hərracda qalib gəlib (3.540 sent/kVt-saat və ya 6.018 qəpik/kVt-saat – red.).
2027-ci ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 260 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 57 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan verəcək.
Energetika naziri Pərviz Şahbazov deyib: 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası üzrə hərracın uğurla başa çatması Azərbaycanın bərpa olunan enerji sektorunda daha bir mühüm nailiyyətidir. Çinin “Universal International Holdings Limited” şirkətinin qalib gəlməsi, ölkəmizin yaşıl enerji layihələrinə beynəlxalq investorların artan marağını və inamını bir daha təsdiq edir. AYİB-in dəstəyi ilə həyata keçirilən və nəticələri COP29 çərçivəsində elan olunan bu hərrac, Azərbaycanın beynəlxalq əməkdaşlığa, davamlı inkişaf məqsədlərinə və “yaşıl enerji” potensialının reallaşdırılmasına sadiqliyini nümayiş etdirir. Bu uğur, enerji keçidi prosesimizi sürətləndirməklə yanaşı, qlobal iqlim hədəflərinə töhfəmizi daha da gücləndirəcək“.
Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə Regional rəhbəri Alkis Vryenios Drakinos bildirib: “Azərbaycanın ilk bərpa olunan enerji hərracının uğurla başa çatması bizim üçün böyük nailiyyətdir. AYİB olaraq, yaşıl enerji layihələrinin maliyyələşdirilməsi və bu istiqamətdə siyasətlərin dəstəklənməsi üzrə uzun illər davam edən işlərimizin nəticəsini görməkdən məmnunuq. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəfləri təbrik edirik”.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin sədri Cavid Abdullayev jurnalistlərə açıqlamasında deyib ki, "Qobustan" Günəş Elektrik Stansiyasının 2026-cı ildə istismara verilməsi gözlənilir: "Azərbaycanda ilk bərpa olunan enerji hərracında iştirak üçün 130-dan çox şirkətə dəvət göndərilmişdi. Hərrac prosesi iki mərhələdən ibarət olub. Bu, ümumilikdə 6 saat davam edib və nəticədə “Universal International Holdings Limited” şirkəti qalib gələrək, "Qobustan" Günəş Elektrik Stansiyasını tikmək hüququ qazanıb. Bu stansiya 100 meqavat gücündə olacaq. 20-25 gün ərzində müqavilələr tam yekunlaşacaq və elektrik stansiyasının daha dəqiq istismara verilmə tarixi məlum olacaq".
Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”na uyğun olaraq keçirilib.
Rəylər (0):