AZTAF çərçivəsində reallaşdırılan layihənin yekun tədbiri keçirilib

image

Avropa İttifaqının dəstəyi ilə reallaşdırılan Azərbaycanda Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində həyata keçirilən “Enerji səmərəliliyi və iqlim” texniki yardım layihəsinin “Enerji Effektivliyi Fondu və Binalar üçün Milli Renovasiya Proqramı” mövzusunda yekun tədbir keçirilib.

Renewables.az-a bu barədə Energetika Nazirliyindən bildirilib.

Aidiyyəti maraqlı tərəflərin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Nazirliyin Enerji səmərəliliyi şöbəsinin müdiri Nərgiz Bağırlı Dünya Bankının Azərbaycanda Milli Renovasiya Proqramının və Enerji Effektivliyi Fondunun yaradılmasında dəstəyindən bəhs edib. Azərbaycanın İqlim Dəyişmələrinə dair Paris Sazişinə qoşularaq Milli Səviyyədə Müəyyən edilmiş Töhfələr götürməsi, o cümlədən işğaldan azad edilmiş ərazilərdə xalis sıfır emissiya zonalarının yaradılması, dövlət başçısının Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, COP29-a sədrliyimiz ölkəmizin qlobal istiləşməyə qarşı aktiv fəaliyyətinin göstəricisi kimi vurğulanıb.

Avropa İttifaqının səfiri Peter Mixalko Aİ ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq əlaqələrindən və həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edib. Dünya Bankının nümayəndəsi Səidə Bağırlı AZTAF proqramı haqqında məlumat verib, proqram çərçivəsində prioritet istiqamətlər üzrə görülən işlərə və əldə edilən nəticələrə diqqət çəkib.

Seminarda çıxış edən digər ekspertlər tərəfindən Milli Renovasiya Proqramının hazırlanması sahəsində görülən işlər və bu sahədə aidiyyəti dövlət qurumlarının rolu, maarifləndirmə kampaniyaları, proqramın icrasına dair yol xəritəsinin məqsədləri və metodologiyası, Enerji Effektivliyi Fondunun missiyası və məqsədləri, binalarda enerji effektivliyinin prinsipləri, enerji səmərəliliyinin müəyyənləşdirilməsi və artırılması yolları, layihə çərçivəsində 10 ictimai binada keçirilmiş enerji auditlərinin nəticələri və binalarda enerji səmərəliliyinin təmin edilməsi üzrə tövsiyələr barədə ətraflı məlumat verilib, mövzu ilə bağlı təqdimatlar dinlənilib.

Eyni zamanda, layihə çərçivəsində 2 və 4 iyul tarixlərində bilik və bacarıqların artırılması məqsədilə “Enerji Effektivliyi Siyasəti və Proqramlar. Milli Renovasiya Proqramına dair yol xəritəsi” və “Enerji effektivliyi investisiyalarının strukturlaşdırılması və təhlil” mövzularında Nazirliyin əməkdaşları üçün seminarlar keçirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *