Bakıda “Enerji Effektivliyi Fondunun İnvestisiya Konsepsiyasının təqdimatı” mövzusunda seminar keçirilib

image

Müxtəlif dövlət qurumları, beynəlxalq maliyyə institutları, yerli banklar və müstəqil ekspertlərin iştirakı ilə “Enerji Effektivliyi Fondunun İnvestisiya Konsepsiyasının təqdimatı” mövzusunda seminar keçirilib.

Renewables.az Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istinadən xəbər verir ki, seminar Avropa İttifaqının (Aİ) Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində Dünya Bankı tərəfindən həyata keçirilən “Enerji səmərəliliyi və iqlim” texniki yardım layihəsinin “Enerji Effektivliyi Fondunun fəaliyyətinə və Milli Renovasiya Proqramının hazırlanmasına dəstək üzrə məsləhət xidmətləri”nin icrası çərçivəsində təşkil olunub.

Seminarda açılış nitqi ilə çıxış edən Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri vəzifəsini icra edən Nərgiz Bağırlı enerji səmərəliliyinin təmin edilməsi məqsədilə son üç il ərzində ölkədə qəbul edilən qanunvericilikdən və onun icrasında əhəmiyyətli rola malik təşviqlərin vacibliyindən danışıb, Enerji Effektivliyi Fondunun yaradılması üzərində işlərin aparıldığını bildirib.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov Aİ-nin Azərbaycanın enerji səmərəliliyinin təmin edilməsi istiqamətində səylərini qeyd edərək Aİ tərəfindən bu sahədə Azərbaycana texniki dəstəyin davam edəcəyini bildirib, həmçinin enerji səmərəliliyinin ekoloji çirklənmənin azaldılması, Paris Sazişinə əsasən öhdəliklərin icrasında töhfəsindən bəhs edib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister çıxış edərək seminarı təcrübə və biliklərin paylaşılması, gələcək əməkdaşlıq imkanları baxımından yüksək qiymətləndirib, enerji səmərəliliyinin istixana effekti yaradan qaz emissiyalarının azaldılması, yeni iş yerlərinin yaradılmasında töhfəsindən, habelə Enerji Effektivliyi Fondunun yaradılması üçün qarşıda duran məsələlərdən bəhs edib. 

Tədbirdə, həmçinin Enerji Effektivliyi Fondunun İnvestisiya Konsepsiyası sənədi, siyasi, institusional və bazar dəyərləndirməsi üzrə nəticələr müzakirə olunub, Kanadada enerji effektivliyi xidməti üzrə mövcud təcrübə və Bolqarıstanın Enerji Effektivliyi və Bərpa Olunan Enerji Mənbələri Fondunun təcrübəsi barədə iştirakçılara məlumat verilib.

Qeyd edək ki, Avropa İttifaqı və Dünya Bankının birgə səyi olan AZTAF Proqramı Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər üzrə inkişaf məqsədlərinə nail olmaq üçün Azərbaycan Hökumətinə dəstək vermək məqsədi ilə yaradılıb.

Seminarda Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dünya Bankı, Mənzil İnşaatı Dövlət Agentliyi, SOCAR, Azəristiliktəchizat ASC, Azərenerji ASC, Azərişıq ASC nümayəndələri iştirak edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *