Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2050-ci ilə qədər hidrogen istehsalını ildə 15 milyon tona çatdırmağı planlaşdıran yeni enerji strategiyasını təqdim edib.
Renewables.az “Report”a istinadla xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Süheyl əl-Mazrui sənədin təqdimatında deyib.
Onun sözlərinə görə, göstərilən məqsədə nail olmaq üçün BƏƏ bir neçə hidrogen oazisi, həmçinin hidrogenin tətbiqi sahəsində milli tədqiqat və inkişaf mərkəzi tikmək niyyətindədir.
“Təşəbbüs BƏƏ-nin enerji balansında təmiz enerjinin payını 2030-cu ilə qədər 32 %-ə, 2035-ci ilə qədər 38 %-ə, 2050-ci ilə qədər isə 100 %-ə çatdıracaq. Bu strategiya BƏƏ-nin 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq və qlobal hidrogen iqtisadiyyatının inkişafını sürətləndirmək öhdəliyini yerinə yetirməkdə kömək etmək üçün mühüm alət rolunu oynayır”.
BƏƏ-nin əvvəlki enerji strategiyası 2017-ci ildə qəbul edilib. O, 2050-ci ilə qədər ölkənin enerji kompleksində təmiz enerjinin payının 25 %-dən 50 %-ə qədər artırılmasını və elektrik enerjisi istehsalının karbon izinin 70 %-ə qədər azaldılmasını nəzərdə tuturdu. Strategiyanın məqsədlərindən biri də müxtəlif enerji mənbələrindən, o cümlədən nüvədən istifadə edən enerji balansına nail olmaqdır.
Rəylər (0):