Bütün dünyada həyata keçirilən enerji resurslarının "yaşıllaşdırılması" siyasəti Azərbaycandan da yan keçməyib – ölkə dünya bazarlarına karbohidrogen xammalı tədarükü ilə yanaşı, bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin generasiyası üzrə gücünü də artırmaq niyyətindədir.
"Berpaolunanenerji.az" Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Respublikanın işğaldan azad edilmiş ərazilərini "yaşıl enerji" zonası elan edən Azərbaycan xarici kapitalı ölkənin neft-qaz sektorundan alternativ enerji mənbələrinə keçidində iştirak etməyə dəvət edib.
Qeyd etmək lazımdır ki, xarici investorlar Azərbaycan hökumətinin çağırışına dərhal cavab verərək ölkənin əlverişli biznes mühitinə görə Azərbaycanda "yaşıl enerji"yə maraqlarını bildiriblər.
Azərbaycanda "yaşıl enerji"yə marağın nəticəsi Abşeron və Xızı rayonu ərazisində böyük külək elektrik stansiyasının təməlinin qoyulması olub.
Layihənin investoru qismində Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti çıxış edib. 300 milyon dollar təşkil edəcəyi gözlənilən layihəyə qoyulan sərmayələr məhz Səudiyyə şirkəti tərəfindən həyata keçiriləcək.
Külək elektrik stansiyasının ümumi gücü 240 MVt olacaq. Eyni zamanda, Xızı rayonunun Sitalçay kəndində hər biri 6,5 MVt gücündə olan 25 turbin quraşdırılacaq. Abşeron rayonunun Pirikəşkül qəsəbəsində hər birinin gücü 6,5 MVt olan 12 turbinin quraşdırılması nəzərdə tutulur.
Azərbaycan külək enerjisi layihələrinin həyata keçirilməsi ilə yanaşı, günəş enerjisindən elektrik istehsalı və su elektrik stansiyalarının genişləndirilməsi ilə də məşğul olmaq niyyətindədir.
Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkəti günəş elektrik stansiyasının yaradılması layihəsinə sərmayə qoymağı planlaşdırır.
BƏƏ şirkəti Bakı və Abşeron rayonunda 230 meqavatt gücündə olan günəş elektrik stansiyaları tikmək niyyətindədir. Layihə 200 milyon dollar dəyərində qiymətləndirilir.
Bundan əlavə, Qətərin "Nebras Power" şirkəti də işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" layihələrinə maraq göstərir. Şirkət bərpa olunan enerji üzrə hərraclarda, o cümlədən Azərbaycan hökuməti tərəfindən keçiriləcək külək və su enerjisi layihələrində iştirak etmək niyyətindədir.
Azərbaycanda nəzərdə tutulan obyektlərlə yanaşı, işğaldan azad edilmiş ərazilərdə su elektrik stansiyalarında (SES) da yenidənqurma işləri aparılır. Belə ki, 2021-ci ildə 23 elektrik stansiyası və yarımstansiya tikilib və ya yenilənərək istifadəyə verilib.
İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərindən sonra "Güləbird" SES, "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyaları istifadəyə verilib, işlər "Kəbəcər-1" kiçik su elektrik stansiyasında başa çatdırılıb.
MDBMİ-nin Beynəlxalq Enerji Siyasəti və Diplomatiya İnstitutunun direktor müavini İqbal Quliyev bildirib ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafın milli prioritetləri" inkişaf Konsepsiyasına uyğun olaraq, alternativ enerji milli iqtisadiyyatın enerji transformasiyasının keyfiyyətcə yeni modelini təqdim edir.
"Qeyd etmək lazımdır ki, Azərbaycanda bərpa olunan elektrik enerjisi əsasında elektrik generasiyasının artım tempi, xüsusilə külək enerjisində, durmadan sürətlənir: son bir neçə ildə külək generasiyasının həcmi təxminən beş dəfə artıb", - deyə Quliyev bildirib.
Artıq fəaliyyət göstərən külək enerjisi layihələri arasında ekspert 50 MVt gücündə olan "Yeni Yaşma" və 8 MVt gücündə olan "Müşviq" külək elektrik stansiyasını (KES) da qeyd edib.
Quliyevin sözlərinə görə, ümumi gücü 240 MVt olan Xızı-Abşeron külək elektrik stansiyasının təməlinin qoyulması mərasimi ən böyük bərpa olunan enerji obyektlərinin qurulmasında keyfiyyətcə yeni mərhələdir ki, bu da milli enerjinin karbon izini əhəmiyyətli dərəcədə azaltmağa və ölkənin enerji balansının strukturunu əhəmiyyətli dərəcədə dəyişməyə qadirdir.
"Bu irimiqyaslı layihə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti tərəfindən "build-own-operate" (tikinti - sahiblik - istismar) prinsipi ilə iki əsas istehsal sahəsində həyata keçiriləcək: Xızı rayonunun Sitalçay kəndində hər biri 6,5 MVt gücündə olan 25 turbin və Abşeron rayonunun Pirikəşkül qəsəbəsində hər biri 6,5 MVt gücündə olan 12 turbin quraşdırılacaq. Bu turbinlərin hündürlüyü 100-110 metr təşkil edəcək", - deyə ekspert bildirib.
Quliyev qeyd edib ki, layihə sənədlərinə uyğun olaraq, Xızı-Abşeron KES ildə 1 milyard kilovatt-saat elektrik enerjisi istehsal edəcək.
Ekspert vurğulayıb ki, 2023-cü il üçün nəzərdə tutulan elektrik stansiyasının istifadəyə verilməsi 220 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək ki, bu da qaz ixracının həcminin artırılmasından əlavə gəlir əldə etməyə, habelə atmosferə 400 min ton karbohidrogen tullantısının qarşısının alınmasına imkan yaradır.
"2030-cu ilə qədər Azərbaycan xarici şirkətlər üçün hərracların keçirilməsi ilə təxminən 700 MVt əlavə "yaşıl" gücləri yaratmaqla enerji balansında bərpa olunan enerjinin payını 30%-ə çatdırmağı planlaşdırır", - Quliyev bildirib.
O qeyd edib ki, bu niyyət Azərbaycanın iqtisadi inkişafı üçün iki mühüm məqsədi güdür: milli iqtisadiyyata xarici investisiyaların daxil olmasını təmin etmək və alternativ enerji mənbələrindən enerji gücünün artırılmasına görə regionda rəhbərlik etməyə imkan verəcək "təmiz" enerjinin payını artırmaqdır.
Beləliklə, Quliyevin sözlərinə görə, bərpa olunan enerji əsasında meqalayihələrin həyata keçirilməsi Azərbaycanın davamlı inkişafının əsas məqsədlərinə cavab verir və karbon enerji resurslarından asılılığın azaldılmasına, ölkə ÜDM-də iqtisadiyyatın qeyri-neft sektorunun payının artırılmasına, milli yanacaq-enerji kompleksinin modernləşdirilməsinə və diversifikasiyasına, o cümlədən ətraf mühitin yaxşılaşdırılmasına və istixana qazları tullantılarının azaldılmasına yardım edir.
Rəylər (0):