Bəxtiyar Aslanbəyli: “Bu il Cəbrayılda yeni günəş elektrik stansiyasının təməli qoyulacaq”

image

bp şirkətinin Cəbrayılda həyata keçirəcəyi 240 MVt gücündə "Şəfəq" ("Sunrise") Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı Yekun İnvestisiya Qərarı (Final Investment Decision) bu ilin ikinci yarısında gözlənilir.

Renewables.az-ın məlumatına görə, bunu bp şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Report”un sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı hazırlıq işləri yekunlaşır: “Minalardan təmizləmə işləri yekunlaşmaq üzrədir. Artıq Yekun İnvestisiya Qərarı ilə bağlı son texniki və kommersiya məqamları var ki, onlar da hazırlanacaq”.

bp rəsmisi vurğulayıb ki, günəş elektrik stansiyasının təməli Yekun İnvestisiya Qərarı qəbul edildikdən sonra bu il qoyulacaq.

Qeyd edək ki, günəş elektrik stansiyasının ilkin dəyəri 200 milyon ABŞ dolları məbləğində proqnozlaşdırılır.

Ötən il iyunun 3-də Energetika Nazirliyi və bp günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Sazişi imzalayıblar. Bu sənədə işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35 %-dək azaltmaq öhdəliyinin, bp-nin isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imza atılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *