Cavid Abdullayev: "Azərbaycanın 290 QVt-dan çox bərpa olunan enerji potensialı var"

image

Azərbaycanın Xəzər dənizində təsdiqlənmiş 157 QVt, quruda isə 135 QVt külək enerjisi potensialı, ümumilikdə 290 QVt-dan çox bərpaolunan enerji potensialı var.

Renewables.az "Report"a istinadla xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda dənizdəki texniki potensialın əlçatanlığı istiqamətində intensiv tədqiqatlar gedir: “Quruda isə təxminən 27 QVt əlçatan potensial mövcuddur. Bildiyiniz kimi, Azərbaycanda bir neçə layihə ilə bağlı artıq müqavilələr imzalanıb. Bunlar əsasən günəş və külək enerjisi sahəsindədir. Bizim “ACWA Power” şirkəti ilə 240 MVt-lıq külək elektrik stansiyamız Xızı və Abşeron rayonları ərazisində tikiləcək.

Eyni zamanda, biz artıq “Masdar” şirkəti ilə birlikdə 230 MVt-lıq günəş elektrik layihəsi ilə bağlı müqavilə imzalamışıq. Xüsusi vurğulamaq istərdim ki, artıq “Masdar” şirkəti ilə layihə maliyyələşməsi mərhələsinə gəlib çatmışıq. Nəinki şirkətlə danışıqlarımız uğurla yekunlaşıb, həmçinin beynəlxalq maliyyə institutları da layihəyə dəstək verirlər və ADB, EBRD, GIP kimi beynəlxalq nüfuzlu təşkilatlar həmin layihəni maliyyələşdirməklə bağlı qərarlar qəbul ediblər".

"Bu günə qədər reallaşdırılan bütün enerji layihələri bir qayda olaraq PSA tipli müqavilələr əsasında olub. Yəni həmin müqavilələr sonradan parlamentdə təsdiqdən keçiblər və qanun statusu əldə edib. Bu layihə isə sırf Azərbaycanda mövcud olan qanunvericilik bazası əsasında həyata keçirilir, beynəlxalq maliyyə institutlarının həmin layihəyə dəstək verməsi hazırda Azərbaycanda biznes mühitinə yaradılan münbit şəraitinin ən bariz nümunəsi kimi qiymətləndirilə bilər.

Hazırda bp şirkəti ilə işğaldan azad edilmiş ərazilərdə 240 MVt-lıq günəş elektrik stansiyasının tikintisi ilə bağlı fəaliyyətimiz çox intensiv davam edir. Artıq danışıqların növbəti mərhələlərinə keçmişik. bp kimi nəhəng şirkətin azad edilmiş ərazilərdə fəaliyyətə başlaması xüsusi əhəmiyyət kəsb edir”, - deyə C.Abdullayev əlavə edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *