Deputatlar azad edilmiş ərazilərdəki ekoloji vəziyyəti müzakirə edəcəklər

image

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

"Berpaolunanenerji.az"un xəbərinə görə, toplantının gündəliyinə 4 məsələ daxil edilib.

Videokonfrans formatında keçirilən iclasda komitənin sədri Sadiq Qurbanov öncə Milli Məclisin 2021-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirib ki, hesabat dövründə komitədə keçirilən 16 iclasda 18 məsələyə baxılıb. Əsasən mövcud qanunvericilik aktlarına dəyişikliklərdən ibarət olan bir sıra qanun layihələri, həmçinin “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” və “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihələri komitədə üç oxunuşda müzakirədən keçərək Milli Məclisdə qəbul edilib.

İclasda Sadiq Qurbanov onu da nəzərə çatdırıb ki, hesabat dövründə komitənin təşəbbüsü ilə Milli Məclisdə “Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyət, perspektiv layihələr və innovativ Qarabağ” mövzusunda onlayn konfrans keçirilib. Həmçinin işğaldan azad edilmiş Azərbaycan ərazilərində ətraf mühitə və təbiətə qarşı mənfur düşmənin törətdiyi ekoloji terrorla bağlı dünya ölkələrinin parlamentlərinə, ətraf mühit və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara və beynəlxalq konvensiyaların katibliklərinə, beynəlxalq ekoloji qeyri-hökumət təşkilatlarına və fondlarına hesabat dövründə çoxsaylı müraciətlər göndərilib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulan qanunvericilik işlərini və müxtəlif səpkili tədbirləri əhatə edən iş planı müzakirə olunub. İş planında aidiyyəti qurumlarla birgə həyata keçiriləcək tədbirlər sırasında “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” çərçivəsində Suraxanı poliqonunda tullantıların idarə olunması ilə bağlı tədbirlərin, eləcə də Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiyanın təşkili, Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı dinləmələrin keçirilməsi, Su problemi və suyun keyfiyyəti barədə müzakirələrin təşkili, İşğaldan azad edilmiş ərazilərimizdə ekoloji vəziyyətin təhlili və digər bu kimi mühüm məsələlərin də yer alması razılıqla qarşılanıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *