Dəyəri 2,5 milyard avro olan "Avropa hidrogen magistralı" yaradılacaq

image

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu yaxınlarda bildirib ki, Avropa İttifaqı 2030-cu ilə qədər “yaşıl” hidrogen istehsalını on milyon tona çatdırmağı və təqribən eyni həcmdə hidrogeni kənardan idxal etməyi planlaşdırır. Bu məqsədlə mövcud nəqliyyat kommunikasiyalarını, məsələn, Fransadan keçməklə İspaniyadan Almaniyaya boru kəmərini uzatmaq lazım gələcək.

"Renewables.az" AZƏRTAC-a istinadən xəbər verir ki, indi Paris və Berlin də bu ambisiyalı layihəni həyata keçirmək niyyətində olduqlarını bildirib. Fransa və Almaniya əvvəlcə Barselona ilə Marsel arasında hidrogen boru kəməri inşa edilməsini, sonra isə həmin kəməri Almaniyaya qədər uzatmağı planlaşdırırlar.

Ötən həftə imzalanmış birgə bəyannaməyə əsasən iki ölkə Avropanın bütün guşələrinə hidrogen nəql edilməsi üçün “Avropa hidrogen magistralı” yaradacaqlar. Proqramda hidrogen infrastrukturunun genişlənməsi, mövcud və layihələndirilmiş infrastrukturların, o cümlədən H2Med boru kəmərinin bu magistrala qoşulması nəzərdə tutulur. Sözügedən arteriyanın genişləndirilməsi Avropa İttifaqı tərəfindən maliyyələşdiriləcək. Boru kəməri İspaniya, Portuqaliya və Fransanı Almaniya ilə birləşdirəcək. Beləliklə, bu dörd ölkə həmin layihənin vahid infrastruktur komponentinə çevriləcək.

Plana görə, bərpaolunan enerji mənbələrindən istehsal olunan “yaşıl” hidrogen istifadə edilməsi nəzərdə tutulur. Məlum olduğu kimi, nüvə energetikasının köməyi ilə istehsal edilən “qırmızı” hidrogen də var. Paris bu sonuncuya üstünlük verir, Berlin isə bu variantı o qədər də xoşlamır.

Dəyəri 2,5 milyard avro olan hidrogen boru kəməri 2030-cu ildə istifadəyə verilməlidir. Bu kəmərlə hər il təqribən 2 milyon ton hidrogen nəql ediləcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *