28 oktyabr tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Elektrik təchizatı şəbəkələrinə qoşulma" İşçi Qrupunun videokonfrans formatında iclası keçiriləcək.
"Berpaolunanenerji.az" energetika nazirliyinə istinadən xəbər verir ki, iclas saat 15:00-da başlayacaq.
İclasda "Elektrik təchizatı şəbəkələrinə qoşulma" İşçi Qrupunun üzvləri qismində Azərbaycan Respublikasının Energetika və İqtisadiyyat nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Azərişıq" ASC, "Azərenerji" ASC, "BHM Hüquq Şirkəti" MMC, "Deloitte & Touche", "Ekvita" və "BM Morrison Partners" şirkətlərinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
İclasda İşçi Qrupunun 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülmüş işlər nəzərdən keçiriləcək, əvvəlki iclasda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək, o cümlədən müvafiq sahədə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən Kommunikasiya Strategiyasının ilkin layihəsi və qarşıda duran vəzifələr müzakirə ediləcək. Bununla yanaşı İşçi Qrupun 2022-ci il üçün Fəaliyyət Planının layihəsi barədə müzakirələrin aparılması da nəzərdə tutulur.
İşçi Qrupun iclasında iştirak etmək istəyən şəxslər, o cümlədən özəl sektorun nümayəndələri aşağıda göstərilən keçid vasitəsilə Komissiyanın internet portalının (https://azranking.az) "Rəqəmsal Təqvim" səhifəsində yaradılmış “Təklif göndər” bölməsinə daxil olaraq müvafiq təkliflərini verə bilərlər.
Rəylər (0):