Energetika naziri Pərviz Şahbazovun "Respublika" qəzetində məqaləsi dərc edilib
Energetika naziri Pərviz Şahbazovun “Respublika” qəzetində “20 oktyabr Energetiklər Günü”nə həsr edilmiş “Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” adlı məqaləsi dərc olunub.
Bu gün 20 Oktyabr - Energetiklər Günüdür. Azərbaycan energetikləri uzun illərdən sonra ilk dəfə olaraq öz peşə bayramlarını yeni tarixi reallıqda-ölkəmizin ərazi bütövlüyü şəraitində qeyd edirlər. Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi və Ordumuzun gücü sayəsində torpaqlarımız işğaldan azad edilmiş, bu ərazilərimizin dirçəldilməsi üçün genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanmışdır. Azərbaycan Vətən müharibəsini cəmi 44 gün ərzində tarixi Qələbə ilə başa çatdırdığı kimi, azad yurdlarımızı qısa müddətdə yenidən qurub inkişaf axarına qovuşdurmaq əzmini də bütün dünyaya nümayiş etdirməkdədir. Qələbəmizdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında icrasına başlanmış əhatəli layihələr buna sübutdur.
Bütün inkişaf proseslərində olduğu kimi bu ərazilərin bərpası və inkişafında da enerji amili həlledici rol oynayır. “Yaşıl” texnologiyaların və "ağıllı'' sistemlərin tətbiqi, regionun enerji təminatı ilə bağlı strateji hədəflər energetiklərimiz qarşısında yeni vəzifələr, perspektiv fəaliyyət planları müəyyənləşdirir.
İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə ilk günlərdən xüsusi əhəmiyyət verilir. Qələbədən dərhal sonra 2020-ci ilin noyabrında yaradılmış Əlaqələndirmə Qərargahı və onun nəzdindəki İdarələrarası Mərkəzin işçi qruplarından biri məhz enerji təminatı məsələləri üzrə fəaliyyət göstərməkdədir. Bu ilin sonuna qədər bütün bölgənin elektrik enerjisi ilə tam təmin edilməsi əsas hədəf kimi müəyyənləşdirilib. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20 MVt gücündə dörd su elektrik stansiyasından üçü artıq istismara verilib. 8 MVt gücə malik “Güləbird”, ümumi gücü 7,8 MVt olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları, həmçinin yenidən tikilən 4,4 MVt gücündə “Kəlbəcər-1” kiçik SES-dən başqa, hazırda dağıdılmış vəziyyətdə olan, ümumi gücü 140 MVt-a qədər olan 33 KSES-in bərpası istiqamətində də müvafiq qurumlarla birgə araşdırmalar aparılır.
110 kV-luq elektrik şəbəkənin qurulması ilə əlaqədar işlər isə ümumilikdə, 2-si yenidən qurulmaqla 11 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq xətlərin tikintisini əhatə edir. Şuşa, Kəlbəcər, Füzuli və Cəbrayılda 110/35/10 kV-luq 5 yarımstansiya artıq istismara verilib, həmçinin bu yarımstansiyaların ölkənin ümumi enerji sisteminə qoşulması üçün elektrik verilişi xətləri çəkilib. Xüsusilə Kəlbəcərdəki mürəkkəb relyef və hava şəraitində cəmi altı ay ərzində yüksək peşəkarlıq və ağır zəhmət hesabına belə bir yarımstansiyanın ərsəyə gəlməsi Azərbaycanın müasir energetika tarixinin əlamətdar hadisələrindəndir. 110/35/10 kV-luq "Qubadlı", "Zəngilan" “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi və Daşkəsən yarımstansiyasının yenidənqurulması ilin sonuna qədər başa çatdırılacaqdır, bu yarımstansiyaları ölkənin enerji sistemi ilə əlaqələndirən xətlərin çəkilişi isə davam edir. Laçın rayonunun Qoşasu kəndi ərazisində isə yarımstansiyanın və əlaqələndirici xətlərin layihələndirilməsi işləri görülür.
Paylayıcı şəbəkənin qurulması çərçivəsində Şuşa şəhərində 35/10 kV-luq 4 MVA gücündə “Daşaltı” yarımstansiyası tikilərək istismara verilib. Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarında isə 35/10 kV-luq yarımstansiyalarda bərpa işləri aparılıb. Hazırda Şuşa şəhərində 6 ədəd 35/0,4 kV-luq, Hadrut qəsəbəsində bir ədəd 35/10 kV-luq yarımstansiyaların tikintisi davam etdirilir. Suqovuşan qəsəbəsini elektrik enerjisi ilə təmin etmək üçün 35 kV-luq xətt çəkilib və 35/10 kV-luq “Suqovuşan” yarımstansiyası inşa edilərək istismara verilib.
Ümumilikdə, işğaldan azad olunmuş ərazilərdə 300 km-ə yaxın müxtəlif gərginlikli hava və kabel xətləri çəkilib, bərpa edilib, xeyli sayda transformatorlar quraşdırılıb. Həm Qarabağda, həm Şərqi Zəngəzurda elektrik enerjisi təsərrüfatının qurulması prosesi intensiv şəkildə davam etdirilir. Dövlət başçısının ifadə etdiyi kimi, cəmi 7-8 ay ərzində bu qədər işin görülməsi bizim gücümüzü göstərir, əzmkarlığımızı göstərir, güclü siyasi iradəni göstərir.
Dayanıqlı enerji təminatı üçün böyük potensiala malik “Xudafərin”, “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin icrası da uğurla irəliləyir. “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarına aid bəndlərin tikintisi tamamlanıb. Hazırda hər iki su elektrik stansiyanın qurğu və avadanlıqlarının alınıb quraşdırılması, həmçinin tikintiyə çəkilmiş xərclərin, dəymiş ziyanın həcminin hesablanması ilə bağlı müzakirələr davam etdirilir. Ümumi qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının inşasının 2024-cü ilədək tamamlanması planlaşdırılır. Hələ Vətən müharibəsi ərəfəsində ərazilərimizin işğaldan azad olunacağına böyük ümumxalq inamının rəmzinə çevrilmiş bu layihələrin reallaşması təkcə Azərbaycana illik 358 mln. kVt-saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaqdır.
Strateji hədəflər isə daha böyükdür və regionun gələcəyi ilə bağlı dövlət başçısının aydın, uzunmüddətli dayanıqlı inkişafa əsaslanan baxışlarını əks etdirir. Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl Enerji Zonası” elan edilməsi qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpa olunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqeyini ifadə edib: “Azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq. Əminəm ki, Azərbaycan transformasiyanın nadir təcrübəsini nümayiş etdirərək, Lüksemburqun ərazisindən dörd dəfə böyük olan dağıdılmış ərazini yüksək yaşayış standartlarına malik firavanlıq məkanına çevirəcək”.
Bu məqsədlə Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə “Yaşıl Enerji Zonası” nın yaradılması üzrə müfəssəl Konsepsiya hazırlanıb. Baş Plan isə tərtib olunmaqdadır. Layihə çərçivəsində ərazilərin inkişafı və məskunlaşma variantları üzrə müxtəlif enerji tələbatı və təchizatı ssenarilərinə baxılıb. Eyni zamanda, bu bölgələrdə hidro, günəş, külək, biokütlə, geotermal və digər bərpa olunan enerji potensialının öyrənilməsi, mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının və həmçinin su anbarlarında, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi istiqamətində davamlı araşdırmalar aparılır. Bu bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə, təxminən, 25 %-i, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çayları və digər kiçik çayları böyük hidro enerji potensialına malikdir. Həmçinin, ilkin təhlillərə əsasən Kəlbəcərdə 3093 m3/gün, Şuşada isə 412 m3/gün termal su ehtiyatlarının mövcud olması ehtimal edilir.
Zəngin enerji potensialı və “yaşıl enerji” ilə bağlı yüksək məram daim yeni imkanlar axtarışında olan investorlar, xüsusilə də fəaliyyətlərində bərpa olunan enerjini prioritet sayan enerji şirkətləri üçün çox gözəl fürsətdir. Qarabağ və Şərqi Zəngəzurda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir. Bu aspektdə, Zəngilan/Cəbrayıl rayonlarının ərazisində 240 meqavatlıq Günəş Elektrik Stansiyası layihəsinin reallaşdırılması üzrə bp ilə əldə edilmiş razılaşma digər şirkətlər üçün də mühüm mesajdır. Hazırda bu stansiyanın inşasının texniki-iqtisadi aspektləri və ölkə şəbəkəsinə inteqrasiyasından irəli gələn məsələlər müzakirə edilir. İllik, təxminən, 500 mln. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılan bu layihə üzrə torpaq sahəsinin müəyyənləşdirilməsi, topoqrafik tədqiqatlar, şəbəkəyə qoşulma imkanlarının öyrənilməsi, hidrometeoroloji təhlillər və ətraf mühitə təsirin qiymətləndirilməsi istiqamətində də müvafiq işlər görülür.
“Yaşıl Enerji Zonası”nın yaradılmasına töhfə verəcək digər bir layihə Laçın yaxud Kəlbəcər ərazisində 100 MVt-dək gücdə külək elektrik stansiyasının tikilməsi perspektividir. Bu layihə üzrə müəyyən edilmiş ərazilərin məlumatları əsasında hazırlanmış “Məlumat sorğusu” sənədi potensial investorlara artıq təqdim edilib. Hazırda “Məlumat sorğusu” mərhələsi üzrə işlər davam etdirilir.
Ümumən, “Yaşıl Enerji Zonası”nın yaradılması yalnız enerjinin bərpaolunan enerji mənbələrindən əldə olunmasını deyil, həm də onun ötürülməsi, paylanılması və istehlakında ən effektli və "ağıllı'' sistemlərdən istifadə edilməsi, kiçik həcmli bərpaolunan enerji həllərinə, enerji səmərəliliyinə önəm verilməsi, hidrogen istehsalı, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təşviqi, məşğulluq və yerli resurslardan istifadənin artırılması kimi çoxşaxəli məsələləri əhatə edir.
“Yaşıl Enerji Zonası” üzrə nailiyyətlər "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər''dən biri olan “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioriteti üzrə energetika sahəsində qarşıya qoyulmuş hədəflərə də öz töhfəsini verəcəkdir. Belə ki, “Yaşıl enerji məkanı” növbəti onillikdə ölkəmizin Milli Prioritetləri və 2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyasının əsas məqsədlərindən biridir. Bu isə həm də iqlim dəyişikliyi probleminə qarşı qlobal səylərə milli səviyyədə dəstəyi təmin edəcək bərpaolunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi, hidrogen istehsalı, ekoloji təmiz nəqliyyat vasitələrindən və digər “yaşıl texnologiyalar”dan istifadənin genişləndirilməsi, enerji sisteminin çevikliyinin artırılması və investisiyaların cəlbi məqsədilə qanunverici və tənzimləyici mühitin təkmilləşdirilməsi kimi kompleks tədbirlərin görülməsini şərtləndirir. Bütün bu istiqamətlər üzrə hədəflərimiz ölkəmizin enerji transformasiyası prosesinə enerji təhlükəsizliyi, iqtisadi inkişaf və ətraf mühitin qorunması arasında balansı təmin etməklə daxil olmasına imkan yaradır. Dünyada yüksək siyasi və maliyyə dəstəyi ilə müşayiət olunan və texnologiyaların sürətli inkişafı ilə təşviq edilən “yaşıl enerji”yə keçid prosesində bərpaolunan enerji mənbələrinin mövqeyi güclənir. Nüfuzlu beynəlxalq enerji təşkilatlarının qiymətləndirmələrinə görə, ötən il dünyada bərpaolunan enerji mənbələrinin payı elektrik enerjisinin qoyuluş gücündə 36,5 %-ə, elektrik enerjisinin istehsalında isə 29 %-ə yüksəlib. Beynəlxalq Enerji Agentliyi dünyanın enerji sisteminin “xalis sıfır” emissiyalar cığırı ilə irəliləyəcəyi təqdirdə, 2050-ci ildə elektrik enerjisi istehsalının, təxminən, 90 %-nin bərpaolunan enerji mənbələrinin payına düşəcəyini, bu göstəricinin 70 %-nin isə yalnız külək və günəş enerji mənbələrindən əldə ediləcəyini proqnozlaşdırır. Avropa və Asiyada hazırkı enerji böhranları bərpaolunan enerji mənbələrinin dayanıqlılığının hələ yüksək olmadığını qabartsa da, ümumi tendensiya, xüsusilə də atmosferə atılan istixana qazları emissiyalarının azaldılmasında əsas həll aləti kimi bərpaolunan enerji mənbələrinə üstünlük verilməsi göstərir ki, dünyanın gələcək enerji mənzərəsini əsasən yaşıl texnologiyalar, həmçinin enerji səmərəliliyi müəyyənləşdirəcək.
Bu aspektdə, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və liberal bazar modelinə keçilməsi Azərbaycanın müasir enerji siyasətinin qlobal trendlərə uğun prioritetləri və energetika sektorunda islahatların başlıca məqsədləridir. Hədəfimiz ölkəmizin ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını hazırkı 17,3 %-dən 2025-ci ildə 24 %-ə, 2030-cu ildə isə 30 %-ə çatdırmaqdır. Bu məqsədlə növbəti onillikdə quraşdırılması planlaşdırılan 1500 MVt-lıq yeni istehsal güclərinin 470 meqavatını “ACWA Power” və “Masdar” kimi tərəfdaşlarımızla artıq reallaşdırırıq. Hər iki layihə üzrə müəyyənləşdirilmiş ərazilərdə ölçü-müşahidə, topoqrafiya işləri, mühəndis-geoloji, həmçinin ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar başa çatdırılıb. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi, “Azərenerji” ASC və aidiyyəti qurumlarla birlikdə elektrik stansiyalarının investorlar tərəfindən inşasına başlanması üçün əlaqəli məsələlər üzrə işlər davam etdirilir. Ümumi investisiya dəyəri 500 milyon dollar olan bu layihələrin reallaşması nəticəsində ildə 1,5 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı, 330 mln. m3-dən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon emissiyasının qarşısının alınması və yeni iş yerlərinin yaradılması gözlənilir.
Bərpaolunan enerji sahəsinin nəzərəçarpacaq inkişafı üçün investisiyaların cəlbi davamlı bir proses olmalıdır. Bu məqsədlə pilot layihələrdən əlavə özəl sektorun və xarici investorların iştirakı ilə yeni güclərin potensial ərazilərdə birbaşa cəlbetmə və hərraclar vasitəsilə reallaşdırılması nəzərdə tutulur. 2021-ci ildə qəbul edilmiş “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydaları” və “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”nin layihələri hazırlanıb. Bu çərçivədə ölkənin bərpaolunan enerji mənbələri potensialının atlası işləniləcək və müvafiq hüquqi aktların qəbulundan sonra atlasa daxil edilmiş ərazilər investorlara təklif ediləcək. Hərracların keçirilməsi üçün müvafiq sənədlər və müqavilə layihələri artıq hazırdır. İlk hərracın Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən seçilmiş məsləhətçi şirkətin dəstəyi ilə gələn il keçirilməsi planlaşdırılır.
“Böyükşor” gölündə isə Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində 100 kVt gücündə üzən günəş elektrik stansiyasının tikilməsinə başlanılıb. Stansiyanın növbəti ilin əvvəlində istismara verilməsi planlaşdırılır. Ümumilikdə, “Böyükşor” gölündə 50 MVt gücündə üzən fotovoltaik stansiya üçün texniki-iqtisadi əsaslandırma, biznes modellərin seçilməsi və bərpaolunan enerji mənbələri üzrə tarifin qiymətləndirilməsi hesabatları hazırlanıb. Bununla yanaşı, gələcəkdə su obyektləri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır. Bu məqsədlə ölkə üzrə su hövzələrinin məlumat bazası yaradılıb və 19 su obyektinin enerji potensialı hesablanıb.
Növbəti beş il ərzindəki planlarımıza SES və KSES-lər üzrə azı 200 MVt-lıq yeni istehsal gücünün yaradılması, həmçinin aktiv istehlakçılar üzrə şəbəkəyə qoşulan gücün əlavə 10,000 kVt artırılması daxildir.
Xəzər dənizinin külək enerjisi potensialından da istifadə yaşıl enerji kursumuzda özünə yer alır. Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə əməkdaşlıq çərçivəsində bu potensialın qiymətləndirilməsi və yol xəritəsinin hazırlanması üzrə işlər davam edir. İlkin tədqiqatlara əsasən, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 QVt həcmində qiymətləndirilir. Dənizdə mövcud olan bu potensialdan elektrik enerjisinin ixracı, həmçinin yaşıl hidrogen istehsalı ölkə iqtisadiyyatına əlavə dəyər qazandıracaq perspektivlərdir. Ümumən, enerji keçidi prosesində həlledici alət kimi qəbul edilən hidrogen istehsalı və istifadəsi üzrə BMK ilə yanaşı Böyük Britaniyanın bp, KBR, eləcə də BƏƏ-nin “Masdar” və Norveçin “Equinor” şirkətləri ilə təcrübə mübadiləsi aparılır. Beynəlxalq şirkətlərlə əməkdaşlıq şəraitində təhlillər nəticəsində ölkəmizdə hidrogen istehsalı üzrə perspektiv istiqamətlər müəyyənləşdirilir. Bunlar dənizdə külək enerjisi layihəsi çərçivəsində elektroliz qurğularının elektrik enerjisi ilə təchizatını həyata keçirərək “yaşıl” hidrogenin, dənizdə təbii qaz istehsalı ilə əlaqədar karbon tutma texnologiyalarının tətbiqi nəticəsində “mavi” hidrogenin istehsalını əhatə edir.
Son bir il ərzində bərpaolunan enerji üzrə qanunverici, tənzimləyici və institusional mühitin təkmilləşdirilməsi ilə bağlı qəbul edilən qərarlar irəlidə bu sahədə nəzərəçarpacaq nailiyyətlərə zəmin yaradır. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Qanunun qəbulu, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması və Agentliyin fəaliyyətinin səmərəlilik, çeviklik və müasir inkişaf tələbləri əsasında yenidən təşkili bu qəbildən olan addımlardır. Agentliyin fəaliyyətinin ölkəmizdə “yaşıl artıma” töhfə verməyə köklənməsi, həmçinin yeni qanun xarici investorların, özəl sektorun və vətəndaşların bərpa olunan enerji sahəsində iştirakı kimi bir sıra yenilikləri tənzimləyən ilk normativ-hüquqi sənəd olaraq bizi “yaşıl enerji” ilə bağlı hədəflərimizə yaxınlaşdıracaqdır. Aktiv istehlakçının dəstəklənməsi, informasiya sisteminin yaradılması və bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə aid sertifikatın verilməsi məqsədilə bir sıra alt qanunvericilik aktlarının qəbulu isə prosesi sürətləndirəcəkdir.
Bu il qəbul edilmiş daha bir qanun - “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun müasir inkişafın tələbi kimi səmərəliliyin energetika sektoru daxil olmaqla iqtisadiyyatın müxtəlif istiqamətlərinə və ev təsərrüfatlarına müsbət təsirinə yol açacaqdır. 2022-ci il iyulun 1-dən qüvvədə olacaq bu qanundan irəli gələn normativ hüquqi aktların beynəlxalq təcrübə əsasında hazırlanmasına başlanılıb. Həmçinin sahələr üzrə yol xəritələrinin hazırlanması istiqamətində müvafiq tədbirlər görülür.
Bərpaolunan enerji mənbələrindən istifadə ilə birgə enerji resurslarına qənaət atmosferə atılan tullantıların azaldılmasında əsas vasitələrdən biri hesab olunur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təqdim edilmiş “Azərbaycan üzrə 4-cü milli məlumatlar” sənədinə əsasən, 2016-cı ildə Azərbaycan 1990-cı illə müqayisədə tullantıların 31,6 % azalmasına nail olub. Bununla belə, bu müddətdə enerji sektorumuzda istilik effekti yaradan qazların emissiyaları azalaraq 48 milyon tona düşsə də, emissiyaların ümumi həcmində energetika sektorunun (nəqliyyat da daxil olmaqla) payı, təxminən, 70 % təşkil edir. Son on ildə 1 kVt-saat elektrik enerjisinin buraxılışına sərf edilən şərti yanacağın miqdarının 318 qramdan 263 qrama qədər azalması mühüm irəliləyişdir. Lakin qarşıdakı illərdə bu göstəricinin daha da aşağı salınması, enerji təchizatı və enerji istehlakı sahələrində enerjiyə yüksək səviyyədə qənaət edilməsi, ötürücü və paylayıcı sistemlərdə itkilərin müvafiq olaraq 2 % və 8 %-dək azaldılması kimi hədəflər müəyyənləşdirilib. Bu məqsədlə enerji səmərəliliyini təmin edəcək enerji auditinin aparılması, enerji effektivliyi xidmətlərinin tətbiqi, etiketləmə, binaların pasportlaşdırılması, idarəetmə standartlarının, müvafiq fondun yaradılması nəzərdə tutulur. Həmçinin səmərəli yeni stansiyaların tikintisi çərçivəsində gücü 550 MVt-a qədər olan yeni müasir tipli, həmdövrəli qaz-turbin elektrik stansiyasının xarici investisiya hesabına inşası planlaşdırılır. İndiyə qədər 10-dan artıq şirkətdən təklif alınıb və hazırda layihə ilə bağlı təkliflərə baxılır. Həm bu tədbirlər, habelə yaşıl texnologiyaların, enerji saxlanc sistemlərinin, karbon tutulması texnologiyalarının tətbiqi ilə bağlı planlar səmərəliliyə və energetika sektorunda yaranan karbon emissiyalarının azalmasına şərait yaradacaqdır. Eyni zamanda, 2030-cu ilə qədər nəzərdə tutulan 1500 MVt gücündə BOEM layihələrinin istifadəyə verilməsi də əlavə olaraq ildə 1,5 mln. tondan çox emissiyaların atmosferə atılmasının qarşısını alacaqdır. Bundan əlavə, illik 190 mln. kVt-saat elektrik enerjisi istehsalı gözlənilən 36 MVt gücündə “Ordubad” SES-in tikilib istismara verilməsi də enerji ilə yanaşı ekoloji təhlükəsizliyə töhfə verəcəkdir.
Ümumiyyətlə, beynəlxalq təcrübə göstərir ki, ətraf mühitə vurulan zərərin minimuma endirilməsində və enerji resurslarından səmərəli istifadə edilməsində daha yüksək nəticələr enerji istehsalçıları və istehlakçıları arasında münasibətlərin mütərəqqi bazar prinsipləri əsasında tənzimlənməsi ilə mümkün olar. Bu baxımdan dövlət başçısının müəyyən etdiyi islahatlar kursunda elektroenergetika sahəsində liberal bazar münasibətlərinin formalaşdırılması xüsusi yer tutur. Bu tapşırığın icrası məqsədilə liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflər, “Elektroenergetika haqqında” Qanunun yeni layihəsi hazırlanıb. İslahatlar çərçivəsində hazırlanmış “Energetika haqqında”, “Qaz təchizatı haqqında” Qanun layihələri üzərində də işlər başa çatdırılıb. Bu qanunların qəbulu müvafiq sahələrdə topdansatış və pərakəndə satış bazarlarının formalaşdırılmasına, istehsal, təchizat, ötürülmə və paylanmada təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlbinə, istehsal xərclərinin azaldılmasına və xidmətin keyfiyyətinin yüksəldilməsinə münbit şərait yaradacaqdır. Burada başlıca hədəf isə dövlətin maliyyə yükünün azaldılması və subsidiyaların mərhələli şəkildə aradan qaldırılmasıdır.
İslahatlar prosesinin strateji məqsədləri sırasında enerji sektorunda tənzimləmə məsələlərində dayanıqlılığın və effektivliyin təmin edilməsi də mühüm yer tutur. Bu aspektdə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin tənzimləyici funksiyalarının daha effektiv şəkildə yerinə yetirməsi üçün “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanunun qəbulu zəruri şərtlərdəndir. Qanun layihəsi aidiyyəti qurumlarla razılaşdırılaraq baxılmaq üçün təqdim edilib.
Agentlik dörd il ərzində elektrik və istilik enerjisi, həmçinin qaz təchizatı sahələrində dövlət, istehlakçılar və tənzimlənən subyektlər arasında maraqlar balansının, hər bir istehlakçıya münasibətdə müasir yanaşmanın təmin edilməsinə, obyektivlik, şəffaflıq və hesabatlılıq kimi prinsiplərə əsaslanan fəaliyyətə nail olub. Hazırda EMTA-nın Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və İmişlidə 11 filialı fəaliyyət göstərir. Bu ildən Agentliyin fəaliyyət dairəsi işğaldan azad edilmiş əraziləri də əhatə edir. Belə ki, Gəncə, Mingəçevir və İmişli filialları müvafiq olaraq Kəlbəcər, Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı, Zəngilan, Qubadlı və Laçın üzrə də fəaliyyətə məsuldur.
Bu il Agentlik tərəfindən “Elektrik enerjisinin istehsalı və ötürülməsi üzrə tələblər Toplusu”, “Mübahisə və şikayətlərin həllinə dair Tövsiyələr”, “Tənzimləyici üçün hesabatvermə prosedurunun layihəsi və formaları”, “İnvestisiya planlaşdırılmasının layihəsi, onun təsdiqi və monitorinqi Qaydaları”, həmçinin fərqli xüsusiyyətlərə malik müxtəlif monitorinq obyektləri üzrə 11 monitorinq qaydasından ibarət “Elektrik enerjisi bazarına monitorinq Qaydaları”nın layihələri hazırlanıb.
Ötən dövr ərzində sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulma proseslərinin daha da sadələşdirilməsi üçün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində, həmçinin Xaçmaz “KOB evi” və Yevlax “KOB evi”ndə fəaliyyət göstərən Texniki Şuraların sayı 19-a çatdırılıb. Gücü 150 kVt-a qədər olan elektrik qurğularının şəbəkəyə elektron müraciət əsasında qoşulması təmin edilib. Həmçinin istehlakçıların hüquqlarının qorunması, elektrik və istilik enerjisi, təbii qazla təchizat və digər məsələlərlə bağlı 5000-dən çox müraciət Agentlik tərəfindən cavablandırılıb.
Beləliklə, dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünü böyük tarixi nəticələrlə qeyd edən Azərbaycanın enerji siyasətində bütün təsirlərə qarşı kifayət qədər dayanıqlı enerji sisteminin təmin olunması əsas xətt kimi qorunur. Hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7538,4 MVt təşkil edir ki, bu da ötən illə müqayisədə 21,9 MVt və ya 0,3 % artım deməkdir. Elektroenergetika sistemində ümumi gücü 6237,7 MVt olan 18 istilik elektrik stansiyası, ümumi gücü 1150,9 MVt olan 25 su elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası, 63,3 MVt gücündə 4 külək elektrik stansiyası, ümumi gücü 42 MVt olan 8 günəş elektrik stansiyası və ümumi gücü 7,4 MVt olan 3 hibrid (günəş, külək və bioqaz) elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ümumi gücün, təxminən, 17,3%-ni təşkil edir.
Respublikada generasiya gücünün artırılması ilə yanaşı, elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edilib. Belə ki, hazırda ümumi gücü 25680,5 MVA olan 110-500 kV-luq 218 yarımstansiya istismardadır.
Ötən il ölkəmizin elektrik enerjisinin istehsalı və ixracı ilə bağlı göstəricilərində azalmanı bu il artım dinamikası əvəz edib. Belə ki, 2020-ci ildə ölkədə elektrik enerjisinin istehsalı 25,8 mlrd. kVt-saat, ixracı 1,15 mlrd. kVt-saat, idxal isə 136,5 mln. kVt-saat təşkil edib. 2019-cu illə müqayisədə elektrik enerjisinin istehsalı 275,9 mln. kVt-saat, ixrac 340,2 mln. kVt-saat , idxal isə 0,4 mln. kVt-saat azalıb. Əksinə elektrik enerjisinin istehlakı ötən il 328 mln. kVt-saat artaraq, təxminən, 22 mlrd. kVt-saat olub.
Bu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 % artımla, təxminən, 20,7 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib. Bu dövrdə 120,4 mln. kVt-saat elektrik enerjisi idxal, 1030,3 mln. kVt-saat elektrik enerjisi isə ixrac edilib. Ötən ilin eyni dövrünə nisbətən ixrac 189 mln. kVt-saat artıb. Gürcüstana 544,9 mln. kVt-saat, İrana 250,4 mln. kVt-saat, Türkiyəyə 163,6 mln. kVt-saat, Rusiyaya isə 71,4 mln. kVt-saat elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 70,9 mln. kVt-saat, İrandan 24,9 mln. kVt-saat, Gürcüstandan 24,6 mln. kVt-saat olub.
İlin sonuna və qarşıdakı illərdə elektrik enerjisinə tələbatın və istehsalın həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir. Belə ki, bu il 4,8 % artımla 27,1 mlrd. kVt-saat, 2022-ci ildə 27,5 mlrd. kVt-saat, 2023-cü ildə 27,8 mlrd. kVt-saat, 2024-cü ildə 28 mlrd. kVt-saat, 2025-ci ildə isə 28,3 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Elektrik enerjisini istehlakının isə bu il 4,5 % artaraq 23 mlrd. kVt-saat, gələn il 23,5 mlrd. kVt-saat, 2023-cü ildə 23,9 mlrd. kVt-saat , 2024-cü ildə 24 mlrd. kVt-saat və 2025-ci ildə isə 24,3 mlrd. kVt-saat olacağı proqnozlaşdırılır.
Görülən çoxşaxəli tədbirlər ölkəmizin daxili tələbatını tam ödəməklə bərabər, elektrik enerjisi üzrə ixracatçı ölkə mövqeyini qoruyub saxlamağa imkan verir. 2021-ci il və növbəti illərdə ixrac göstəricisinin 1,3 mlrd. kVt-saata çatacağı gözlənilir.
Bütün bunlar xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin uğurları sayəsində bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin energetika sektorunda əldə etdiyi nəticələrin yalnız müəyyən bir hissəsidir. Azərbaycan energetikləri qlobal inkişaf dəyişikliklərinə uyğunlaşmaqla, istehsal portfelində şaxələnmə və səmərəli idarəetməyə nail olmaqla bu xəttin bundan sonra da davam etdirilməsi missiyasını şərəflə yerinə yetirəcək, müasir və güclü Azərbaycanın gələcəyinin daim işıqlı olmasına fədakar əməkləri ilə töhfə verəcəklər.
Rəylər (0):