Energetika naziri "Rusiya Enerji Həftəsi" Beynəlxalq Forumunda iştirak edib

image

Energetika naziri Pərviz Şahbazov Moskva şəhərində keçirilən “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edib.

Bu barədə "Berpaolunanenerji.az"a Nazirlikdən məlumat verilib.

Bir sıra ölkələrin hökumət rəsmilərinin, beynəlxalq təşkilatlar və neft-qaz şirkətləri rəhbərlərinin, nüfuzlu tədqiqat və media nümayəndələrinin qatıldığı Forumda ənənəvi və bərpa olunan enerji mənbələrindən istifadə, energetika sahəsində beynəlxalq əməkdaşlığın yeni istiqamətləri, karbon neytrallığı, enerji keçidi və bir çox digər aktual mövzular müzakirə edilib.

Nazir "Ənənəvi enerjinin gələcəyi: dünya karbohidrogenlərdən imtina etməyə hazırdırmı?" adlı sessiya üzrə müzakirələrdə iştirak edib. Sessiyada ənənəvi enerji daşıyıcılarının qlobal enerji balansında mövqeyi, mövcud enerji infrastrukturunun yeni enerji mənbələrinə uyğunlaşdırılması, reallaşdırılmaqda olan neft-qaz layihələrinin potensialının enerjiyə olan tələbatın ödənilməsi üçün yetərliliyi, karbohidrogen mənşəli enerji daşıyıcılarından istifadə ilə enerji keçidinin mümkünlüyü və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

P.Şahbazov qazın enerji keçidindəki tənzimləyici roluna dair suala cavab olaraq bildirib ki, hazırda ekoloji cəhətdən ən təmiz karbohidrogen yanacaq növü hesab olunan qaz sənayesinə investisiyaların azaldılması gələcəkdə ekologiyaya mənfi təsiri daha çox olan enerji daşıyıcılarından istifadənin artırılmasına səbəb ola bilər. Bu baxımdan mövcud vəziyyətdə enerji keçidinə dair verilən qərarların ekoloji təhlükəsizlik və enerji təhlükəsizliyi məsələlərinə kompleks yanaşma əsasında formalaşdırılmasının vacibliyi diqqətə çatdırılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə “yaşıl enerji”dən istifadənin genişləndirilməsi istiqamətində qəbul edilmiş strateji qərarlar və görülən işlərə diqqət çəkən nazir, xüsusilə dənizdə külək enerjisinin inkişafı üzrə mövcud potensial barədə məlumat verib. İlkin olaraq 157 QVt həcmində qiymətləndirilən texniki potensialın gələcəkdə “yaşıl hidrogen” istehsalına yönəldilməsi istiqamətində işlərin davam etdiyini qeyd edib.

Energetika naziri “Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak və energetika naziri Nikolay Şulqinovla ayrı-ayrılıqda baş tutan görüşlərdə neft-qaz, elektroenergetika sahələrində əməkdaşlığın mövcud vəziyyəti, birgə layihələrin icrası və bir sıra digər məsələlər müzakirə olunub. İki ölkə arasında enerji sahəsində əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdiyi vurğulanıb. Bərpa olunan enerji sahəsində mövcud olan siyasət və həyata keçirilən strateji layihələr haqqında danışılıb. Enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə enerji mənbələrinin şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb, hər iki ölkədə bu istiqamətdə real addımların atıldığı qeyd edilib.

Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl Səudla keçirilən görüşdə isə “OPEC plus” razılaşmasının perspektivləri barədə fikir mübadiləsi aparılıb, “OPEC plus” ölkələri arasında konsensusun bazarın balanslaşdırılmasında həlledici rolunun praktiki nəticələri qeyd edilib. P.Şahbazov həmkarını yaxın gələcəkdə keçirilməsi planlaşdırılan 240 MVt gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmək məqsədilə Azərbaycana dəvət edib.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə baş tutan görüşdə iki ölkə arasında neft, qaz, “yaşıl enerji” sahələrində əməkdaşlıqdan irəli gələn məsələlər müzakirə edilib, ölkələrin enerji tənzimləyici qurumları arasında mövcud əlaqələrin inkişafına dəstək ifadə olunub.


 

Renewables.az Renewables.az Renewables.az Renewables.az

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *