Energetika naziri Pərviz Şahbazov Türkiyə Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcını qəbul edib.
Bu barədə "Berpaolunanenerji.az" nazirliyə istinadən xəbər verir.
Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Türkiyə arasında mövcud olan yüksək səviyyəli sıx dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edərək, bu istiqamətdə əlaqələrin daha da inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.
Cari ilin 15 iyun tarixində Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin əhəmiyyətinə toxunulub, bu sənəddə energetika sahəsində əməkdaşlığa dair müddəalar nəzərdən keçirilib, “Şuşa Bəyannaməsi”nin bütün sahələrdə, o cümlədən energetika sahəsində dost, qardaş və tərəfdaş münasibətlərini daha da möhkəmləndirdiyi vurğulanıb.
Həmçinin, ənənəvi enerji sahələri ilə yanaşı bərpaolunan enerji mənbələri üzrə də ölkələrimiz arasında yüksək əməkdaşlıq perspektivlərinin olduğu bildirilib. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri, “yaşıl enerji” zonasının reallaşdırılması layihələri barədə məlumat verilib, bu çərçivədə həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərinin maraq göstərməsi yüksək qiymətləndirilib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Rəylər (0):