"Yaşıl hidrogen" qlobal karbon emissiyalarının azaldılması və dayanıqlı enerjiyə keçid strategiyasında əsas element təşkil edir. O, sənaye, nəqliyyat və energetika kimi sahələrdə fossil yanacaqların əvəz edilməsi üçün böyük potensiala malikdir. Azərbaycan da bu sektorun inkişafında fəal iştirak edir və "yaşıl hidrogen"in istehsalı və ixracı imkanlarını genişləndirməyə çalışır.
Qabaqcıl enerji həlləri sahəsində fəaliyyət göstərən "China Energy International Group Co" şirkəti "yaşıl hidrogen"in istehsalı və nəqli layihələrinin həyata keçirilməsi üçün lazım olan texnologiyalara və təcrübəyə malikdir. Onların infrastruktur və innovativ texnologiyaların işlənib hazırlanması və tətbiqi sahəsindəki təcrübəsi Azərbaycanda "yaşıl hidrogen"in inkişafını əhəmiyyətli dərəcədə sürətləndirə və onun qlobal enerji şəbəkəsinə inteqrasiyasına kömək edə bilər.
"China Energy International Group Co" şirkətinin ölkə meneceri Şansyan Vu "Report"a müsahibəsində Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı, "yaşıl hidrogen" və ammonyak ixracı sahəsində əməkdaşlıq, COP29-dan gözləntiləri və s. barədə danışıb.
- Hazırda Azərbaycanda bərpa olunan enerji mənbələrinin (BEM) inkişaf səviyyəsini necə qiymətləndirirsiniz? Bu sahənin daha da inkişafı üçün hansı addımlar atılmalıdır?
- Azərbaycan enerji sektorunu şaxələndirmək və karbon izini azaltmaq üçün uzunmüddətli strategiyası çərçivəsində bərpa olunan enerji mənbələrinin inkişafına daha çox diqqət yetirir.
Günəş və külək enerjisi sahəsində bir neçə layihənin həyata keçirilməsi, eləcə də günəş enerjisinin satışı üzrə son hərrac ölkədə BEM-in inkişafı üçün yaxşı zəmin yaradıb.
İnkişaf səviyyəsin oxşar potensiala malik bir çox başqa ölkələrlə müqayisədə orta səviyyədə hesab etmək olar. Xüsusilə, bərpa olunan enerjinin payı orta səviyyəyə çatıb, lakin elektrik enerjisi bazarında, sənaye zəncirində və maliyyələşdirmədə hələ də yaxşılaşdırma üçün əhəmiyyətli potensial var.
Tənzimləyici baza və bazar islahatları, şəbəkələrin modernləşdirilməsi və infrastrukturun inkişafı, eləcə də "yaşıl maliyyələşdirmə" bərpa olunan enerji sektorunda davamlı artımın təmin edilməsi üçün üç ən vacib addımdır.
- "China Energy Engineering Group" Azərbaycanda, xüsusilə BEM və dayanıqlı infrastruktur layihələri kontekstində öz iştirakını genişləndirməyi nəzərdən keçirirmi?
- "Energy China" şirkəti öz törəmə şirkətləri vasitəsilə Azərbaycanda, xüsusilə bərpa olunan enerji sektorunda öz iştirakını genişləndirir.
2023-cü ilin iyun ayında Azərbaycan Energetika Nazirliyi ilə CGGCOIC ("China Gezhouba Group Co") arasında Anlaşma Memorandumu imzalanıb. Əsas diqqət Azərbaycanda günəş və külək enerjisi, enerji saxlanması və "yaşıl hidrogen" kimi bərpa olunan enerji sahəsində irimiqyaslı layihələrin inkişafına yönəldiləcək.
"Energy China", həmçinin bərpa olunan enerji mənbələri sahəsində "SOCAR Green" və "Nobel Energy" kimi yerli şirkətlərlə əməkdaşlıq və tərəfdaşlığı gücləndirir.
- Şirkətinizlə Azərbaycan arasında əməkdaşlığın hansı formalarını daha perspektivli hesab edirsiniz?
- 2024-cü il iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə "yaşıl enerji" və regional əlaqələr sahəsində səylərin artırılmasının vacibliyi vurğulanıb ki, bu da Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın yaradılması haqqında birgə bəyanatda da qeyd olunub.
"Energy China" şirkəti hər iki tərəf üçün uzunmüddətli strateji faydalar gətirəcək "Yaşıl Enerji Zonası" və "Yaşıl Dəhliz" təşəbbüsləri çərçivəsində əməkdaşlıq edir.
Bundan əlavə, "Energy China" tərəfindən dəstəklənən sənaye zəncirində enerji, nəqliyyat, rəqəmsal, su, ekoloji, sənaye və mədəni şəbəkələr arasında dərin inteqrasiya da perspektivli istiqamətlərdəndir.
- Qarşıdan gələn COP29 konfransı şirkətiniz üçün hansı əhəmiyyət kəsb edir? Bu konfransdan gözləntiləriniz nədir?
- Qarşıdan gələn COP29 konfransı bərpa olunan enerji, dayanıqlı infrastruktur və iqlim dəyişikliyi ilə mübarizə sahəsində fəaliyyət göstərən şirkətlər, o cümlədən "Energy China" üçün böyük əhəmiyyət kəsb edir.
Bu, Azərbaycanın "yaşıl enerji" sahəsində böyük ambisiyalarını və fəaliyyətini dünyaya nümayiş etdirməsi üçün əla fürsətdir. COP29 çərçivəsində hədəflər, siyasət və maliyyələşdirmə ilə bağlı məsələlərin əsas müzakirə mövzusu olacağı danışıqlar qarşıdakı dövrdə bərpa olunan enerjinin inkişafını müəyyən edəcək.
Biz təmiz enerji sistemlərinə qlobal keçid, karbon emissiyalarının azaldılması strategiyası və iqlim dəyişikliyinə uyğunlaşma və onun nəticələrinin yumşaldılması üçün maliyyə öhdəliklərinin artırılması çərçivəsində daha çox müsbət addımların atılmasını gözləyirik.
"Energy China" Çin nümayəndə heyətinin bir hissəsidir və COP29 çərçivəsində Çin pavilyonunda paralel tədbir keçirəcək.
- "Energy China" təmiz enerjiyə qlobal keçid fonunda, xüsusilə karbon emissiyalarının azaldılması baxımından Azərbaycanın enerji sektorunda hansı perspektiv və imkanlar görür?
- Təmiz enerjiyə qlobal keçid prosesi Azərbaycanın enerji sektorunda əhəmiyyətli imkanlar yaradacaq.
Birinci imkan ondan ibarətdir ki, karbon emissiyalarının azaldılmasının hədəflənməsi Azərbaycanda bərpa olunan enerji və əlaqəli infrastruktur sektorlarının inkişafına ciddi surətdə kömək edəcək.
Növbəti imkan mövcud enerji sənayesinin yenidən qurulmasını və bütün səviyyələrdə "yaşıl" və aşağı karbonlu sənayenin, eləcə də təchizat zəncirlərinin inkişafını stimullaşdıran "yaşıl siyasət"dən irəli gəlir.
Üçüncü imkan ondan ibarətdir ki, bərpa olunan enerji mənbələrinin inkişafı neft və qazın daxili istehlakını azaldacaq və ixrac potensialını artıracaq.
Beləliklə, neft-qaz sektorunda aşağı karbonlu, səmərəli və ekoloji cəhətdən təmiz kəşfiyyat, hasilat, istehsal və istifadə perspektivli istiqamət olaraq qalır. Texnoloji innovasiyalar, sənaye zəncirinin inkişafı və ESG (Ekoloji, Sosial və Korporativ İdarəetmə) maliyyələşdirməsinin dəstəklənməsi yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün əsas tədbirlər olacaq.
- "Yaşıl enerji" dəhlizlərinin yaradılması və Azərbaycandan "yaşıl hidrogen" və ammonyakın nəqli sahəsində qarşılıqlı fəaliyyəti necə görürsünüz?
- "Yaşıl enerji" dəhlizləri və "yaşıl hidrogen"in ixracı hər iki tərəf üçün əhəmiyyətli imkanlar yaradacaq. Bu imkanlar Azərbaycanın regional və qlobal enerji təchizatı zəncirində əsas oyunçu olmaq istiqamətində artan ambisiyalarına uyğundur.
"Yaşıl enerji" dəhlizinin məqsədi Xəzər dənizində bərpa olunan enerji istehsalını Avropa bazarında enerjiyə olan böyük tələbatla tarazlaşdırmaqdır.
Əməkdaşlıq bərpa olunan enerji mənbələrinin və enerji saxlama layihələrinin inkişafı, aşağı itki ilə elektrik enerjisinin ötürülməsi və sualtı kabellər, Avropa İttifaqı və regionun enerji sisteminə inteqrasiya, eləcə də "yaşıl maliyyələşdirmə" üzərində cəmləşəcək.
"Yaşıl hidrogen" və ammonyak ilə bağlı layihələrin əsas problemi onların iqtisadi məqsədəuyğunluğudur. Hazırkı mərhələdə biz bu məsələnin, texnologiya, nəqliyyat sahələrinin və kommersiya modellərinin öyrənilməsi üzrə əməkdaşlıq edirik.
Rəylər (0):