Muxtar respublikanın ərazisində ilk dəfə olaraq Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilir. Hər bir ölkənin inkişafının əsas göstəricisi enerji təhlükəsizliyinin təmin olunmasıdır. Bu gün muxtar respublikanın inkişafının əsas hərəkətverici qüvvəsi elektrik enerjisinə olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsidir. Enerji harada varsa, orada inkişaf var, həyat var.
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Külək-Günəş Hibrid Elektrik Stansiyasının istifadəyə verilməsi münasibətilə istehlakçıları təbrik edib, stansiyanın qurulmasında əməyi olanlara təşəkkür edərək deyib.
Ali Məclisin Sədri həmçinin qeyd edib: "Hazırda muxtar respublikada elektrik enerjisinə olan tələbatın 50 faizdən çoxu bərpaolunan enerji mənbələri hesabına ödənilir. Bu da imkan verir ki, həm əhalinin, həm də sənayenin və iqtisadiyyatın digər sahələrinin enerji təminatı davamlı olsun. Həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin ucuz qiymətə elektrik enerjisi istehsal etməsi imkan verəcək ki, gələcəkdə elektroenergetika sahəsi daha da inkişaf etdirilsin. Culfa rayonunun ərazisi həm küləkli, həm də günəşlidir. Sınaq məqsədilə yaradılan elektrik stansiyası gələcəkdə növbəti külək elektrik stansiyalarının qurulması üçün əsas verəcəkdir."
Rəylər (0):