Azərbaycan alternativ enerji ilə bağlı geniş potensiala malikdir. İşğaldan azad edilmiş ərazilərin də geniş alternativ enerji potensialı mövcuddur. Artıq bununla bağlı hökumət “Yol Xəritəsi” hazırlayıb. Sənəd hökumətin prioritetlərinə və mandatına uyğun olaraq formalaşacaq.
“Yol Xəritəsi”nə əsasən, 2030-cu ilə qədər Azərbaycanın ümumi enerji balansında alternativ enerjinin payının 30 %-a çatdırılması planlaşdırılır. Ölkədə günəşli günlərin sayının çox olması enerji istehsalı üçün yüksək səciyyələndirilir. Eyni zamanda Bakı və ətraf ərazilərdə küləkli günlərin çox olması külək enerjisinin istehsalı üçün əlverişli hesab edilir.
Hesablamalar göstərir ki, günəş enerjisinin istehsalı, demək olar ki, Azərbaycanın bütün regionlarına mümkündür. Bu istiqamətdə artıq beynəlxalq təcrübəyə əsaslanan müqavilələr bağlanıb.
“Bizim “ACWA Power” və “Masdar” şirkətləri ilə olan müvafiq müqavilələrimiz var ki, bu müqavilələr çərçivəsində ölkəmizdə 240 MVt gücündə külək elektrik stansiyası və 230 MVt gücündə günəş elektrik stansiyası inşa ediləcək”.
“Berpaolunanenerji.az” xəbər verir ki, bunu energetika nazirliyinin mətbuat katibi Cahid Mikayılov AZTV-yə müsahibəsində deyib.
“Külək enerjisi ilə bağlı olan nəhəng layihəmizin Abşeron və Xızı rayonlarının ərazilərinə, günəş enerjisi ilə bağlı olan layihəmizin isə Abşeron və Qaradağ rayonlarının ərazilərinə düşməsi planlaşdırılır”, - deyə C.Mikayılov bildirib.
Azərbaycanın bərpaolunan enerji potensialı 27 000 MVt həcmində dəyərləndirilir. Bunun 3 000 MVt-ı külək, 23 000 MVt-ı isə günəş enerjisinin payına düşür. Bura işğaldan azad edilmiş ərazilərimizin geniş alternativ enerji potensialı əlavə olunarsa, Azərbaycan tezliklə yaşıl enerjidən istifadəyə üstünlük verən ölkələr arasında liderliyi əldə edə bilər.
Energetika üzrə ekspert Emin Axundzadə: “Ümumilikdə Qarabağ bölgəsində günəş enerjisinin potensialı 4 000 MVt, külək enerjisinin potensialı isə 500 MVt gücündə dəyərləndirilir. Günəş enerjisi ilə bağlı potensial əsasən, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Qubadlı rayonlarında, külək enerjisi ilə bağlı potensial isə əsasən, Kəlbəcər və Laçın rayonlarında mövcuddur”.
Hesablamalar göstərir ki, Kəlbəcər və Laçında küləyin illik sürəti ortalama 7-8 metr/san-a bərabərdir. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycanın ümumi su ehtiyatlarının 25 %-i işğaldan azad olan ərazilərin payına düşür.
Alternativ enerji mənbələrinin iqtisadiyyatda digər faydası isə, əmək tutumlu olması ilə bağlıdır. Belə ki, sözügedən sektorun təşəkkül tapması, əhalinin məşğulluğunun artması, sahibkarlıq, biznes subyektlərinin sayının da çoxalması deməkdir. Həmçinin yaşıl enerjiyə keçid karbohidrogenlərdən istifadəni də minimuma endirməklə nəticələnəcək ki, bu da xüsusilə təbii qazın ixtiracının həcmini yüksəldəcək. Bu həm də, ölkəyə əlavə valyuta kütləsinin axını deməkdir.
Rəylər (0):