İqtisadiyyat nazirinin müavini Elnur Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 46-cı İllik Toplantısı çərçivəsində Bankın yeni seçilmiş prezidenti Məhəmməd Süleyman Əl-Casir və həmkarları ilə görüşüb.
"Berpaolunanenerji.az" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, Bankın prezidentinə fəaliyyətində uğurlar arzulayan nazir müavini Azərbaycanın İİB, eləcə də bu qrupa daxil olan digər qurumlarla əlaqələrə xüsusi önəm verdiyini, Bankın özəl sektorun inkişafı istiqamətində göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. E.Əliyev tarixi və əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin yeni reallıqlar yaratdığını qeyd edib, Qarabağda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması və “yaşıl enerji zonası”nın yaradılması üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
M.S.Əl-Casir Azərbaycanla əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüb, Bankın Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda maraqlı olduğunu ifadə edib.
Rəylər (0):