Birləşmiş Millətlər Təşkilatının (BMT) hesablamalarına görə, 2050-ci ilədək hidrogen dünyanın enerjiyə tələbatının təqribən 20 faizini ödəyə biləcək.
"Renewables.az" AZƏRTAC-a istinadən xəbər verir ki, İspaniyanın “Cepsa” neft-qaz şirkətinin Baş direktoru Maarten Vetselaarın sözlərinə görə, İspaniya və Portuqaliya onlara “yaşıl” hidrogenin irimiqyaslı istehsalına başlamaq imkanı verən unikal vəziyyətdədirlər.
Maartan Vetselaar İspaniya və Portuqaliyanın “yaşıl” hidrogen istehsalı sahəsində dünyanın böyük ölkələrinə çevrilməyə hazırlaşmalarının yeddi səbəbini göstərib:
Bərpaolunan enerji. Pireney yarımadası artıq böyük miqdarda sıfır karbon tullantısı ilə istehsal olunan elektrik enerjisinə və bu istehsalın artırılması üçün nəhəng potensiala malikdir.
Geniş elektrik şəbəkəsi. Pireney yarımadasının bütün ərazisini əhatə edən qarşılıqlı əlaqəli elektrik şəbəkəsi var. Bu o deməkdir ki, yaşıl elektronlar yaradıldığı yerdən lazım olan yerə çox asanlıqla ötürülür.
Coğrafi bölgü. Sıfır karbon tullantısı ilə elektrik enerjisi istehsalı bütün yarımada üzrə yaxşı bölüşdürülüb.
Biometan. Kənd təsərrüfatı tullantılarından (məsələn, zeytun tumları), meşələrin qırılmasından alınan bioloji kütlələrdən, digər orqanik tullantılardan biometanın istehsalı üçün böyük potensial mövcuddur.
Daxili tələbat. Zəruri istehsal obyektlərinin tikintisini sübut etməkdən ötrü Pireney yarımadasında artıq indi hidrogenə kifayət qədər tələbat var.
İnfrastruktur. Dəniz limanları yüksək inkişaf edib, Avropaya qaz kəmərlərinin şaxələndirilmiş şəbəkəsi mövcuddur.
Avropa İttifaqı. Aİ-yə üzvlük o deməkdir ki, İberiya “yaşıl” hidrogeni region bazarlarına daimi əlçatanlıq və Avropa İttifaqı tərəfindən enerji təhlükəsizliyinin təminatı üçün təqdim edilən hər hansı stimul üzərində hüquqa malik ola bilər.
Rəylər (0):