Külək turbininin sütunları quraşdırılma üçün “Xızı-Abşeron” KES-in ərazisinə daşınıb

image

“ACWA Power” şirkəti tərəfindən Azərbaycana gətirilən yeni nəsil külək turbinlərinin sütunlarının ilk komponentləri quraşdırılması üçün “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ərazisinə daşınıb.

Renewables.az bu barədə Bakı Gəmiqayırma Zavoduna istinadən xəbər verir.

Məlumata görə, dünən külək turbinlərinin sütunlarının ilk komponentləri quraşdırılması üçün Bakı Gəmiqayırma Zavodundan stansiyasının tikiləcəyi əraziyə yola salınıb.

Xatırladaq ki, "Xızı-Abşeron" KES-in təməlqoyma mərasimi 13 yanvar 2022-ci ildə baş tutub. Layihə çərçivəsində hər biri 6 MVt gücündə olan 40 ədəd külək turbin qurğusu quraşdırılacaq. Abşeron rayonunun Pirəkəşkül kəndində 17 külək turbini, Xızı rayonunun Sitalçay kəndində isə ümumi gücü 23 ədəd külək turbininin quraşdırılması planlaşdırılır.

Layihə build - own - operate (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək. Layihənin ümumi dəyəri 300 milyon ABŞ dolları, investoru “ACWA Power” şirkətidir. Elektrik stansiyasında illik 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq, eyni zamanda, 220 milyon kubmetrədək qaza qənaət ediləcək.

Külək elektrik stansiyasının 2025-ci ildə istismara verilməsi planlaşdırılır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *