Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") təşkilatçılığı, Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin dəstəyi ilə Laçın şəhərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” devizi ilə "Yaşıl enerji zonasına dəstək" adlı maarifləndirici-kütləvi tədbir təşkil edilib.
Renewables.az xəbər verir ki, bu barədə "Qaçqınkom" məlumat yayıb.
Bildirilib ki, "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” devizi altında, “Böyük Qayıdış”ın başlandığı müddətdə rayon ərazisinə geri dönən yerli sakinlərin iştirakı ilə keçirilən tədbir yaşıl enerji zonasına dəstək məqsədi daşıyıb.
Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov doğma yurda qayıdan əhalinin ekosistemin bərpasına və ətraf mühitin qorunmasına öz töhfələrini verməsinin vacibliyini diqqətə çatdırıb. O, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini xatırladaraq, bunun Azərbaycan dövlətinin “yaşıl keçid”lə bağlı səylərinə göstərilən inam və etimadın nümayişi kimi səciyyələndirib.
Fuad Hüseynov onu da əlavə edib ki, "Qaçqınkom" Sosial İnkişaf Fondu ilə birlikdə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər həyata keçirir. Buna missal olaraq, Laçın rayonunun yenidən tikilmiş Zabux kəndində yerli sakinlərin iştirakı ilə ağacəkmə aksiyası təşkil olunduğu qeyd edilib.
Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmisi Qalib Abasov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəsmisi Türkan Qasımova çıxış edərək, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafının əsas istiqamətlərindən biri kimi “yaşıl enerji" zonasının yaradılmasının əhəmiyyətindən danışıb, bu sahədə qarşıdakı dövrdə görüləcək işlər barədə məlumat veriblər.
Həmçinin iştirakçılara “Ekologiya və ətraf mühütin mühafizəsi”nə həsr olunmuş, həmçinin Laçın rayonunun tarixini və işğaldan sonra başlanmış bərpa-quruculuq işlərini işıqlandıran broşürlər paylanıb.
Rəylər (0):