Xəzər dənizinin Azərbaycan sektoru külək enerjisi potensialı ilə zəngindir. Mütəxəssislərin hesablamalarına görə, dənizin ölkəmizə aid hissəsi üzrə külək enerjisinin ümumi texniki potensialı 157 giqavat həcmində qiymətləndirilir. Bunun da 35 giqavatı dənizin dayaz, 122 giqavatı isə dərin sulu hissələrinin payına düşür. Bu fakt artıq beynəlxalq enerji qurumları tərəfindən də öz təsdiqini tapıb. Təsadüfi deyil ki, Dünya Külək Enerjisi Birliyinin “Global Wind Report 2022” adlı hesabatında dənizdə külək enerjisi sahəsində yeni bazarların kəşf edilməsi çərçivəsində dörd ölkənin ‒ Şri Lanka, Azərbaycan, Avstraliya və Türkiyənin adı önə çəkilib. Göründüyü kimi, sözügedən hesabatda Azərbaycan külək enerjisi potensialına görə bu ölkələr arasında ikinci yerdə qərarlaşıb.
Son illər Azərbaycanın “yaşıl” enerji potensialının hətəkətə gətirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu baxımdan Xəzərin külək potensialından səmərəli istifadə məsələsi də öz aktuallığını getdikcə artırır. Artıq bu istiqamətdə konkret layihələr də işlənib hazırlanıb. Yeri gəlmişkən, energetika naziri Pərviz Şahbazovun dediyinə görə, ölkəmiz Xəzər dənizinin zəngin külək enerjisi potensialının 7,2 qiqavatının 2036-cı ilədək reallaşdırmaq niyyətindədir. Bununla da, 2040-cı ilədək dəniz külək energetikasının qoyuluş gücü ölkənin enerji təchizatının 37 faizini təmin edə bilər.
“Azərbaycanda dəniz külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”ndə dənizdə müvafiq layihələrlə bağlı tenderlərin təşkili, özəl sektorla tərəfdaşlığın müəyyənləşdirilməsi, yardımçı investisiyaların həyata keçirilməsi kimi dəstəklər nəzərdə tutulur. Dənizdə mövcud olan bu potensialdan səmərəli istifadə isə öz növbəsində yeni iş yerləri, həmçinin ölkə iqtisadiyyatına əlavə dəyər qazandıran imkanlar yaradacaq.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən Xalq Qəzetinə verilən məlumata görə, “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində nəzərdə tutulan “5.2.3. bərpa olunan enerji mənbələrinin istifadəsinin artırılması” fəaliyyət istiqamətinə uyğun olaraq Energetika Nazirliyi tərəfindən “Dənizdə külək enerjisi potensialının araşdırılması və bu potensialdan istifadə məqsədilə ölçmə və digər hazırlıq tədbirlərinin həyata keçirilməsi” ilə bağlı təkliflər sorğusu keçirilib. Sorğu nəticəsində qalib podratçı şirkət müəyyən edilib, konkret dəniz əraziləri seçilərək burada külək enerjisinin potensialının ölçülməsi məqsədilə intensiv araşdırma aparılmağa başlanıb.
Ölçmə və müşahidə işlərinin həyata keçirilməsi üçün Finlandiyanın dünya miqyasında tanınmış “Vaisala” şirkətindən ölkəmizə iki qabaqcıl LiDAR (Light Detection and Ranging) cihazı gətirilib. Dənizdə yerləşdirilmiş həmin cihazlar külək enerjisinin dəqiq təhlilini təmin etmək üçün xüsusi olaraq seçilmiş ərazilərdə quraşdırılıb.
Agentliyin məlumatına əsasən, LiDAR texnologiyası lazer şüalarının obyektlərə və havada olan hissəciklərə vurulması prinsipinə əsaslanır. Belə ki, cihaz lazer şüasını göndərir və bu şüanın geri dönən əks-sədasını ölçür. Şüanın əks-sədası vasitəsilə cihaz mühitdəki obyektlərin məsafəsini və hündürlüyünü dəqiq müəyyən edə bilir. Dənizdə bu texnologiya küləyin sürətini və istiqamətini ölçmək üçün istifadə olunur. LiDAR cihazları 10 kilometr məsafədəki nöqtələrdə küləyin sürətini və istiqamətini ölçərək 75 metr, 150 metr və 225 metr hündürlüklərdə virtual ölçü-müşahidə dirəkləri yaradır.
Hər iki cihaz bir neçə sabit skan növü yerinə yetirərək bir kompozit skan daxilində fəaliyyət göstərir. Sabit skanların isə hər biri müəyyən ölçmə istiqamətinə (virtual ölçü-müşahidə dirəyi üçün müəyyən bir hündürlük) yönəldilib. Bu sistem müxtəlif hündürlüklərdə və istiqamətlərdə ölçmələr apararaq küləyin davranışını geniş bir spektrdə təhlil etməyə imkan yaradır. Beləliklə, dənizdə küləyin müxtəlif mərhələlərdəki xüsusiyyətləri haqqında ətraflı və dəqiq məlumat əldə edilir.
Məlumatların keyfiyyətini qorumaq üçün 1.3 saniyəlik toplanma müddəti istifadə olunur. Bu müddət hər bir ölçmə nöqtəsində məlumatların toplandığı vaxtı əks etdirir. Uzun toplanma müddəti daha dəqiq nəticələr əldə etməyə kömək edir, lakin ölçmə tezliyini azaldır. Bu səbəbdən hər bir nöqtədə ən azı iki ölçmə əldə etmək və məlumatların keyfiyyətini qorumaq məqsədilə 1.3 saniyəlik toplanma müddəti tövsiyə olunur. Bu yanaşma atmosfer şəraitinin təsirini də nəzərə alaraq daha dəqiq nəticələr əldə etməyə imkan verir.
Qeyd edək ki, bu layihə Azərbaycanın dənizdəki külək enerjisi potensialını dərinləşmiş şəkildə öyrənmək və bu enerjidən daha səmərəli istifadə etmək məqsədilə həyata keçirilən mühüm bir addımdır. Eyni zamanda, bu işlərin nəticələri ölkəmizin gələcəkdə enerji təhlükəsizliyininin gücləndirilməsini təmin etmək və ətraf mühitə daha az təsir göstərmək məqsədilə həyata keçirilən bərpaolunan enerji layihələrinə vacib və praktik məlumatlar təqdim edəcək. Sözügedən layihə, həmçinin Azərbaycanın enerji sektorunda müasir texnologiyaların tətbiqi və bərpaolunan enerji mənbələrinin inkişafı sahəsindəki irəliləyişlərini əks etdirir və ölkənin enerji gələcəyini daha dayanıqlı və ekoloji cəhətdən təmiz hala gətirməyə kömək edəcək.
Rəylər (0):