Nazir: Azərbaycan Avropanın enerji təchizatını yaşıl enerji və hidrogenlə şaxələndirə bilər

image

Xəzər dənizinin 157 GVt-lıq dəniz külək potensialından istifadə etməklə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin yaradılması, ilkin mərhələdə 4 GVt yaşıl elektrik enerjisi və yaşıl qazın ixracı istiqamətində mühüm işlər görülür.

Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu layihə çərçivəsində tərəfdaş ölkələr - Gürcüstan, Rumıniya və Macarıstanla görüşlər keçirilib.

“Bolqarıstan da bu layihəyə maraq göstərir. Layihənin texniki-iqtisadi əsaslandırmasının ilk nəticələri bu ilin sonuna qədər gözlənilir. Biz qərargahı Buxarestdə olan birgə müəssisə yaradırıq. Bu dəhlizin Mərkəzi Asiya ilə birləşdirilməsi imkanlarını da müzakirə edirik. Bu yaxınlarda yaşıl enerjinin ötürülməsi üçün Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsinə dair Əməkdaşlıq Memorandumu imzalanıb”, - deyə nazir əlavə edib.

Nazir, həmçinin qeyd edib ki, “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizinin reallaşdırılması və bərpaolunan enerji mənbələrinin Azərbaycanın Naxçıvan bölgəsindən Türkiyəyə və daha sonra Avropaya ixracı üçün Türkiyə ilə əməkdaşlıq davam etdirilir: “Gördüyümüz kimi, Azərbaycan regionda yaşıl enerji əlaqələrinin genişləndirilməsi üçün körpü və yardımçı rol oynayır. Bərpaolunan enerjinin 3 dəfə artırılması ilə bağlı qlobal vədin həyata keçirilməsi regional kontekstdə vacibdir. Azərbaycan bu mərhələdə Avropanın enerji təchizatını yaşıl enerji və hidrogenlə şaxələndirə bilər”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *