“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi müasir inkişaf kursunda Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi mühüm yer tutur. Bu vəzifənin Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyasının prioritetləri ilə vəhdətdə həyata keçirilməsi bərpa olunan enerji sahəsinə xarici investisiyanın cəlbi üçün geniş imkanlar yaradır".
"Berpaolunanenerji.az" xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov bp ilə əməkdaşlığa dair görüş zamanı deyib.
Nazir həmçinin qeyd edib: "Karbohidrogen sektorunda uzunillik strateji tərəfdaşımız bp ilə bu gün imzaladığımız bu sənəd yaşıl enerji və karbonsuzlaşdırma üzrə əməkdaşlığımızda yeni bir səhifə açacaq. Ümid edirəm ki, qoyuluş gücü 240 MVt olan günəş enerjisi layihəsi üzrə bp ilə fəal işbirliyimiz Qarabağa xarici sərmayənin gətirilməsini təmin edəcək.”
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıblar.
Rəylər (0):