Nazirlik rəsmisi: "Qarabağda külək və günəş enerji potensialının qiymətləndirilməsi ilə bağlı tədbirlər icra olunur"

image

Cəbrayıl rayonu ərazisində - Araz çayı üzərində yerləşən "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyaları ilə bağlı işlər yekunlaşmaq üzrədir.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu "Report"a açıqlamasında energetika nazirliyinin elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov deyib. 

Nazirlik rəsmisi adıçəkilən su elektrik stansiyalarının Qarabağ üçün həm enerji, həm də suvarma baxımından əhəmiyyətli olacağını bildirib:

“Hazırda işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı üçün “Yaşıl enerji” konsepsiyası işlənir. Bildiyiniz kimi dövlət başçısının tapşırığı əsasında, bu ərazilərin bərpaolunan enerji mənbələri hesabına təminatının həyata keçirilməsi üçün tədbirlər həyata keçiriləcək. Külək və günəş enerji potensialının qiymətləndirilməsi ilə bağlı tədbirlər hazırda icra olunur və gələcəkdə yəqin ki, bu sahədə həm iri həcmli, həm də kiçik həcmli layihələrin icra edilməsinə başlanacaq. Həm Araz çayının su ehtiyatlarından, həm də işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından istifadə edilməsi də bu ərazilərin enerji təminatında çox ciddi rol oynayacaq. Azad edilmiş ərazilərdə təqribən 45 kiçik su elektrik stansiyası fəaliyyət göstərib, düşmən ərazini tərk edərkən bu su elektrik stansiyalarının bir çoxunu dağıdıb və talan edib. Hazırda “Azərenejri” ASC işğaldan azad olunmuş ərazilərdə elektrik enerjisi şəbəkəsinin formalaşdırılması işləri görür və bu stansiyalar istifadəyə verildikdən sonra o şəbəkələr vasitəsi ilə ərazinin elektrik enerjisi təminatında istifadə olunacaq”.

İranla əldə edilmiş razılaşmaya əsasən, ümumi gücü 280 meqavat olan hər iki stansiyadan 716 milyon kVt/saat elektrik enerjisi istehsal ediləcək ki, onun da 356 milyon kVt/saat-ı Azərbaycanın payına düşəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *