Qanun layihəsində ilk dəfə tətbiq olunacaq enerji səmərəliliyi layihələrinə yer veriləcək

image

İyunun 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov bildirib ki, gündəliyə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının qanun layihəsi birinci oxunuşda daxil edilib. Qeyd edilib ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunub.

"Berpaolunanenerji.az"ın xəbərinə görə, qanun layihəsi barədə energetika nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov məlumat verib. Diqqətə çatdırılıb ki, qanun enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin fəaliyyətini və onlar arasında yaranan münasibətləri tənzimləyir.

Qanun layihəsində ölkəmizdə ilk dəfə tətbiq olunacaq enerji səmərəliliyi layihələrinə yer verilmişdir:

  • enerji istehlakına dair məlumatın əldə edilməsi və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi məqsədilə qeyri-yaşayış  sahələrinin və təsərrüfatların qiymətləndirilməsi məqsədilə enerji auditinin aparılması;

  • istehlak olunan enerjinin həcminin ölçülməsi, təhlili və səmərəliliyin qiymətləndirilməsi, habelə enerji effektivliyi üzrə tədbirlərin tətbiqi ilə bağlı enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi;

  • enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan daimi enerji idarəetmə sisteminin tətbiqi;

  • təsərrüfat subyektlərində və binalarda enerjidən səmərəli istifadəyə cavabdeh fiziki şəxsin - enerji idarəçisinin (meneceri) təyin edilməsi;

Qeyd edilənlərdən əlavə olaraq enerji istehlak edən cihaz və avadanlıqlar üçün enerji etiketlərinin tətbiqi, binaların enerji istehlakı üzrə pasportlaşdırılması, ekodizayn tədbirlərinin həyata keçirilməsi, binalar üçün minimum enerji effektivliyi normalarının müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur.

Qanun layihəsində enerji effektivliyi üzrə fondun yaradılması və fond vasitəsilə enerji effektivliyi tədbirlərinin dəstəklənməsi məsələsi yer almışdır.

Tədbirin sonunda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Video

Qanun layihəsində ilk dəfə tətbiq olunacaq enerji səmərəliliyi layihələrinə yer veriləcək

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *