Sumqayıt GES şəbəkəyə qoşulmayıb? ‒ RƏSMİ AÇIQLAMA

image

Sosial şəbəkələrdə Sumqayıt Günəş Elektrik Stansiyasında panellərin naqillərinin olmadığını əks etdirən görüntülər yayılıb.

"Berpaolunanenerji.az" xəbər verir ki, görüntülərdə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən günəş elektrik stansiyasındakı panellərdən istifadə edilmədiyi bildirilir.

Həmçinin panellərin üzərini toz basdığı, naqillərin kəsildiyi və şəbəkəyə qoşulmadığı vurğulanır.

Məsələyə münasibət bildirən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin feysbuk səhifəsində qeyd olunub:

"Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2020-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) yaradılmış, bir sıra energetika obyektləri - Qobustan HES, Suraxanı GES, Samux GES, Pirallahı GES, Sahil GES, Sumqayıt GES və bir neçə sosial obyektlərdə kiçik güclü enerji qurğuları əvvəllər fəaliyyət göstərmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən təhvil alınmışdır.

Təhvil alınandan etibarən ilk növbədə qeyd olunan stansiyalarda texniki müayinə və təhlil işləri aparılmış, onların layihə gücünə çatdırılaraq normal fəaliyyətinin təmin olunması üçün tələb ounan işlər müəyyənləşdirilmişdir.

Bir sıra stansiyalarda daxili imkanlar hesabına təmir işləri həyata keçirilmişdir. Eyni zamanda stansiyaların layihə gücünə uyğun istismar edilməsi, onların səmərəliliyinin artırılması məqsədi ilə hal-hazırda dövlət-özəl tərəfdaşlığı və ya digər biznes modellər əsasında özəl investisiyaların cəlbi Agentliyin əsas fəaliyyət istiqamətlərindən hesab olunur. Hazırda ən səmərəli biznes modelin tətbiqi üzrə özəl sektorla müvafiq müzakirələr aparılmaqdadır.

Hazırda müxtəlif bərpa olunan enerji stansiyaları Agentliyin tabeliyindəki "Azalternativenerji" MMC tərəfindən istismar olunur və əldə olunan elektrik enerjisi şəbəkəyə ötürülür".


 

Video

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *