Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 7-ci iclası keçirilib.
Renewables.az-a bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Gürcüstanı Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanı Energetika Nazirliyinin dövlət katibi Dan Draqos Draqan, Macarıstanı Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Peter Sztaray təmsil edib. Görüşdə, həmçinin Bolqarıstanın, Avropa Komissiyasının, ötürücü sistem operatorlarının və “CESI” şirkətinin nümayəndələri də iştirak edib.
İclasda çıxışında energetika naziri Pərviz Şahbazov Xəzərin “yaşıl enerji” potensialını geniş coğrafiyada təchizatın təhlükəsizliyinin gücləndirilməsinə, təmiz enerji keçidinə yönəldən bu strateji layihənin sürətli reallaşdırılmasının kritik önəm kəsb etdiyini bildirib və prosesi təşviq edən təklifləri diqqətə çatdırıb. Müzakirələr zamanı “CESI” şirkəti tərəfindən hazırlanmış “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Texniki-İqtisadi Əsaslandırmasının (TİƏ) ilkin hesabatı, həmçinin “yaşıl enerji” dəhlizinin fiber optik komponenti ilə bağlı təqdimatı dəyərləndirilib. Bununla da TİƏ üzrə birinci tapşırığın tamamlandığı qeyd olunub. Layihəyə PCI/PMI statusunun əldə edilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib, ekspert qrupu, məsləhətçi şirkətə bununla əlaqədar müvafiq tapşırıqlar verilib, Avropa Komissiyasına birgə müraciət etmək və prosesi asanlaşdırmaq məqsədilə zəruri tədbirlər görmək razılaşdırılıb. Həmçinin layihənin sürətli icrasında mühüm rola malik dörd ölkənin ötürücü sistem operatorları arasında Birgə Müəssisənin yaradılması ilə bağlı proseslərin tezləşdirilməsi vurğulanıb. Tərəflər Birgə Müəssisənin Rumıniyanın paytaxtı Buxarestdə təsis olunması barədə qərar qəbul ediblər. Eyni zamanda, Birgə Müəssisənin üzvləri arasında Anlaşma Memorandumun tezliklə imzalanması razılaşdırılıb. Birgə Müəssisə ilə bağlı fəaliyyətdən irəli gələn məsələlərin həlli məqsədilə Katibliyə - Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə qısa müddətdə görüşün təşkili tapşırılıb.
Bundan başqa, Bolqarıstanın Birgə Müəssisədə iştirak niyyəti müsbət qarşılanıb, həmçinin regional enerji təhlükəsizliyinin gücləndirilməsi, “yaşıl enerji”yə keçid və Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında əlaqələrin qurulması kontekstində Qazaxıstan və Özbəkistanın layihəyə marağından, atılan addımlardan da bəhs edilib.
Sonda iclasın yekunlarına dair Protokol imzalanıb və növbəti iclasın cari ilin iyul ayında Buxarestdə keçirilməsinə qərar verilib.
Qeyd edək ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.
Rəylər (0):