T.Əmmayev: “Yaşıl Enerji Zonası Konsepsiya sənədinin yekun hesabatı tamamlanmaq üzrədir"

image

"İşğaldan azad edilmiş ərazilər üzrə Konsepsiya sənədinin yekun hesabatı tamamlanmaq üzrədir və yaxın müddətdə aidiyyəti üzrə təqdim ediləcəkdir".

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu "Trend"ə müsahibəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev deyib.

Müsahibəni təqdim edirik.


Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev Trend-ə müsahibəsi

- Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılmasından artıq 1 il keçir. Agentliyin fəaliyyət istiqamətləri hansılardır və bir illik fəaliyyət dövründə bu istiqamətlər üzrə Agentlik hansı işləri həyata keçirib?

- Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli, 1159 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmış və əsasnaməsi təsdiq edilmişdir. Agentlik Azərbaycanda bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkilini, tənzimlənməsini həyata keçirir və müvafiq sahənin investisiya cəlbediciliyini artırmaq üçün tədbirlər görür.

Ənənəvi enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Dövlət Agentliyi yarandığı ilk günlərdən etibarən bərpa olunan enerji mənbələrindən istifadə, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində mütəmadi olaraq bir sıra tədbirlər həyata keçirir. Xüsusilə qeyd etmək lazımdır ki, son illərdə Energetika Nazirliyi tərəfindən bərpa olunan enerji mənbələrindən istifadə sahəsində intensiv işlər aparılmaqdadır və bu işlərin əməli nəticələri artıq reallaşmaqdadır. Agentliyin məhz Energetika Nazirliyinin tabeliyində yaradılması bu sahədə Energetika Nazirliyi tərəfindən başladılmış fəaliyyətin daha da uğurla davam etdirilməsi məqsədilə sinerji imkanlarını özündə ehtiva edir. Bildiyimiz kimi, 2030-cu ilə qədər ölkənin ümumi elektroenergetika balansında bərpa olunan enerji stansiyaları hesabına qoyuluş gücünün payının 30%-ə çatdırılması əsas hədəf kimi qəbul edilmişdir. Bu məqsədlə BOEM hesabına üç mərhələdə ümumilikdə 1500 MVt yeni generasiya güclərinin yaradılması nəzərdə tutulub. Hal-hazırda isə bu istiqamətdə işlər davam etdirilir və illər üzrə hədəflərə uyğun olaraq orta və uzunmüddətli perspektivdə bərpa olunan enerji layihələrinin icrası planlaşdırılır.

Ölkəmizdə kifayət qədər potensialı olan bərpa olunan enerji mənbələrindən istifadə məqsədilə özəl, o cümlədən xarici investisiya hesabına yeni istehsal güclərinin istifadəyə verilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Dövlət Agentliyi bərpa olunan enerji mənbələrinin inkişafı ilə əlaqədar bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlıq edir və bu şirkətlərin sayının artmasında maraqlıdır. Bununla yanaşı, bərpa olunan enerji mənbələrindən istifadə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və sahə üzrə əlverişli investisiya mühitinin yaradılması məqsədi ilə beynəlxalq təşkilatlar və beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələri genişləndirilməkdədir.

Bərpa olunan energetika sahəsinin inkişaf etdirilməsi üçün bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi zəruri istiqamətlərdən biri hesab olunur. Cari dövr ərzində Dövlət Agentliyi tərəfindən müvafiq qanun və normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edilmişdir. Mövcud qanunvericilik aktlarının qəbulu sahənin inkişafına təkan verməklə bu sahədə hüquqi çərçivənin formalaşmasına səbəb olacaqdır.

- Azərbaycan ənənəvi enerji mənbələri ilə yanaşı, bərpa olunan enerji potensialı ilə də zəngin olan ölkələrdəndir. Hazırda ölkəmizdə bu potensialdan istifadə sahəsində mövcud vəziyyət necədir?

- Qeyd olunduğu kimi, ölkəmiz bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malikdir. Azərbaycan Respublikasının yerləşdiyi əlverişli coğrafi mövqe bu potensialdan kifayət qədər istifadə etməyə şərait yaradır. Belə ki, ilkin qiymətləndirmələrə əsasən, ölkəmizin bərpa olunan enerji potensialı ümumilikdə 27 GVt həcmində dəyərləndirilir ki, bunun da böyük bir hissəsi külək və günəş enerjisinin payına düşür. Mövcud potensialdan səmərəli istifadə məqsədilə ölkəmizdə yeni BOEM layihələrinin həyata keçirilməsi istiqamətində ciddi addımlar atılır. Hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7530 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1293 MVt-dır ki, bu da ümumi gücün 17.2%-ni təşkil edir.

Ölkəmizdə həyata keçirilən nisbətən irihəcmli bərpa olunan enerji layihələrinə Naxçıvan Muxtar Respublikasında quraşdırılmış ümumi gücü 22 MVt olan günəş elektrik stansiyasını, eləcə də Yeni Yaşma ərazisində 50 MVt gücündə olan külək elektrik stansiyasını misal göstərmək olar. Ümumiyyətlə, 2020-ci ildə bərpa olunan enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi ölkə üzrə ümumi istehsalın təqribən 6%-ni təşkil etmişdir.

Əlavə olaraq bildirmək istərdim ki, Xəzər dənizində və sahilyanı ərazilərdə külək enerjisinin potensialının öyrənilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması istiqamətində əməkdaşlıq edilir. 14 aprel 2021-ci il tarixində Energetika Nazirliyi ilə sözügedən qurum arasında “Dənizdə külək enerjisindən istifadə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır. Bu proqram Dünya Bankı Qrupunun təşəbbüsü olan “Enerji Sektorunun İdarəedilməsində Yardım Proqramı” - ESMAP çərçivəsində maliyyələşdirilir. ESMAP çərçivəsində aparılan ilkin təhlillərə görə Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilmişdir.

- Ekoloji cəhətdən təmiz bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, ölkəmizin “yaşıl enerji” zonasına çevrilməsi dövlət başçısı tərəfindən qarşıya qoyulmuş əsas hədəflərdən biridir. Hazırda bu sahənin inkişafı ilə bağlı hansı tədbirlər görülür? Gələcəkdə günəş, külək və ya digər bərpa olunan enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının inşası nəzərdə tutulurmu?

- Bildiyiniz kimi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmiş və növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetdən biri kimi “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” müəyyənləşdirilmişdir. Belə ki, ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritetlərə uyğun olaraq, cari və gələcək dövrdə bərpa olunan enerji mənbələrindən istifadəyə, “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsinə daha çox diqqət ayrılmaqdadır. Bu məqsədlə artıq bir sıra beynəlxalq şirkətlər ilə pilot layihələrin icrası üçün əməkdaşlıq edilir. Hal-hazırda Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi çərçivəsində işlər davam etdirilməkdədir. Bundan başqa, Böyük Britaniyanın BP şirkəti ilə Zəngilan-Cəbrayıl ərazisində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi üzrə icra müqaviləsi imzalanmışdır.

Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Üzən Günəş Enerji Sistemlərinin İnkişafı” layihəsi çərçivəsində reallaşdırılan Böyükşor gölündə ümumi gücü 100 kVt təşkil edən üzən günəş stansiyasının tikintisi nəzərdə tutulmuşdur. Eyni zamanda layihənin tərkib hissəsi olaraq ölkəmizin ərazisində digər göllərdə və su obyektlərində texniki mümkünlük nəzərə alınmaqla günəş enerji sistemlərinin qurulması potensialının dəyərləndirilməsi, sənaye həcmli layihənin ilkin texniki-iqtisadi əsaslandırmasının hazırlanması və bərpa olunan enerji növləri üzrə tarif metodologiyasının təhlili istiqamətində işlər aparılmaqdadır.

- Ölkəmizdə bərpa olunan enerji layihələrinin reallaşdırılmasına müxtəlif ölkələr və beynəlxalq enerji şirkətləri tərəfindən maraq göstərilir. Bəs bərpa olunan enerji sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinə və beynəlxalq təcrübənin öyrənilməsinə dair hansı addımlar atılır?

- Dövlət Agentliyi tərəfindən bərpa olunan enerji sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, məlumat mübadiləsinin aparılması, eləcə də əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Türkiyə, Almaniya, Böyük Britaniya, Hindistan və digər ölkələrin təcrübələrinin öyrənilməsi məqsədilə müxtəlif mövzular üzrə təşkil olunmuş seminarlarda iştirak edilmişdir.

Bununla yanaşı, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə “KBR”, “Technip”, “Enerji Tədqiqatı Akseleratoru” (ERA) İnstitutu, eləcə də Equinor şirkəti ilə əməkdaşlıq çərçivəsində dənizdə külək enerjisindən istifadə, “yaşıl hidrogen”, enerji saxlanması mövzularına dair vebinarlar təşkil edilmişdir. Bundan əlavə, Masdar şirkətinin mütəxəssisləri tərəfindən “hidrogen enerjisi” mövzusunda müvafiq dövlət qurumları və şirkətlərin əməkdaşları üçün seminar təşkil edilmişdir. Həmçinin, Böyük Britaniyanın bp şirkəti tərəfindən təşkil olunan işçi qrupun iclaslarında Dövlət Agentliyinin əməkdaşları iştirak edərək təcrübə və fikir mübadiləsi aparmışdır. İştirak edilmiş beynəlxalq seminarla yanaşı, Dövlət Agentliyi tərəfindən də müxtəlif tədbirlərin təşkilatçılığı həyata keçirilir. Belə ki, Energetika Nazirliyi, bp və Masdar şirkətlərinin birgə əməkdaşlığı çərçivəsində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təşkilatçılığı ilə cari ilin 7-8 iyul tarixlərində Qobustan Hibrid Elektrik Stansiyasında “Greentech Summer Camp 2021” adlı təlim proqramı keçirilmişdir. Tədbirdə bərpa olunan enerji mənbələrindən istifadə, “yaşıl enerji” texnologiyalarının tətbiqi və digər əlaqəli mövzularda beynəlxalq ekspertlərin iştirakı ilə təcrübə mübadiləsi aparılmışdır.

Eyni zamanda bildirmək istərdim ki, bərpa olunan enerji sahəsində fəaliyyət göstərən xarici şirkətlər tərəfindən ölkəmizdə həyata keçiriləcək enerji layihələrində iştiraka böyük maraq vardır. Bu məqsədlə, həmin şirkətlərin müraciətinə uyğun olaraq mütəmadi görüşlər keçirilir və müxtəlif biznes modelləri çərçivəsində əməkdaşlıq imkanları araşdırılır.

- İşğaldan azad edilmiş ərazilərimizdə “yaşıl enerji zonası”nın yaradılması üzrə Yaponiya şirkəti ilə müqavilə imzalanıb. İmzalanmadan keçən dövr ərzində “yaşıl enerji zonası” konsepsiyasının hazırlanması istiqamətdə hansı işlər görülür?

- Məlum olduğu kimi, 3 may 2021-ci il tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam imzalanmışdır. Sözügedən sənədin icrası məqsədilə işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi istiqamətində 6 may 2021-ci il tarixində Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında müqavilə imzalanmışdır. Bu sahədə TEPSCO şirkəti ilə imzalanmış müqavilənin icrası üçün “Yaşıl Enerji Zonası” Konsepsiya layihəsi və Baş Planın hazırlanması üzrə işlər davam etdirilir. Konsepsiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək, ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır. Bunun üçün müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanmışdır. İşğaldan azad edilmiş ərazilər üzrə Konsepsiya sənədinin yekun hesabatı tamamlanmaq üzrədir və yaxın müddətdə aidiyyəti üzrə təqdim ediləcəkdir. Hazırda layihənin davamı olaraq, Baş Planın tərtib olunması üzrə ilkin müzakirələr də aparılmaqdadır.

- Bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi və tənzimlənməsi sahəsində, ümumilikdə qanunvericilik bazasının formalaşdırılması sahəsində işlər görülür. İyul ayında Dövlət başçısı tərəfindən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanunun tətbiqinə dair Fərman imzalanıb. Bu qanunun tətbiqi ölkəmiz üçün nə vəd edir?

- Bildirmək istərdim ki, bərpa olunan enerji mənbələrindən istifadə sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində də ötən dövrdə müvafiq işlər aparılmışdır və 12 iyul 2021-ci il tarixində cənab Prezident tərəfindən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalanmışdır. Qanunun məqsədi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən etmək və bu sahədə yaranan münasibətləri tənzimləməkdir.

Eyni zamanda alt qanunvericilik bazasının formalaşdırılması istiqamətində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsini misal göstərmək olar. Layihə çərçivəsində hərrac qaydaları, hərraclar üçün şərtlər toplusu, həmçinin elektrik enerjisinin alqı-satqı müqavilələrinin hazırlanması təmin ediləcəkdir. Mövcud sahədə tənzimləyici hüquqi bazanın təkmilləşdirilməsi bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə, eləcə də bu sahədə investisiyanın təşviqinə təkan verəcəkdir. Bundan əlavə, AYİB-in dəstəyi ilə kiçik güclərin dəstəklənməsi mexanizmi üzrə qaydaların işlənib hazırlanmasına da başlanılmışdır. Müvafiq qaydalar təsdiqləndikdən sonra yaxın gələcəkdə hərracların təşkili və kiçik güclü bərpa olunan enerji sistemlərindən istifadənin təşviqi ilə vətəndaşların bu proseslərdə iştirakı mümkün olacaqdır. Kiçik güclü bərpa olunan enerji sistemlərinə misal olaraq evlərin damında quraşdırılan günəş panellərindən ibarət sistemləri göstərmək olar.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *