Fransanın enerji şirkəti Total Energies Qazaxıstanda ölkənin ən güclü külək elektrik stansiyasını inşa edəcək.
Renewables.az şirkətin yaydığı məlumata əsasən xəbər verir ki, bununla bağlı 25 illik Enerji Alqı-Satqı Müqaviləsi (PPA) imzalanıb.
Total Energies şirkəti “Mirny” layihəsini "Samruk-Kazyna" Milli Sərvət Fondu və “KazMunayQaz” Milli Şirkəti ilə birgə inkişaf etdirəcək, onların hər biri layihədə 20% paya sahib olacaq.
Qoyuluş gücü 1000 MVt (1 QVt) olacaq "Mirny" külək enerjisi layihəsi ölkənin cənubundakı Cambul vilayətində inşa ediləcək. 200 turbindən ibarət olacaq stansiya 1 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcək. Bundan əlavə, hər il təxminən 3,5 milyon ton karbon qazı (CO2) emissiyasının qarşısı alınacaq.
Layihənin dəyəri 1,4 milyard dollar həcmindədir və buna 1 QVt gücündəki külək elektrik stansiyası və 600 MVt gücündə enerji saxlanc sistemi daxildir.
İstehsal olunacaq elektrik enerjisi tam olaraq Qazaxıstana məxsus dövlət korporasiyası olan Bərpa Olunan Enerji Mənbələri üzrə Maliyyə Hesablaşma Mərkəzinə (FSC) satılaraq milli şəbəkəyə tədarük ediləcək.
Qeyd edək ki, Total Energies Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıq edir. Bundan başqa, bu ilin 3 iyununda Naxçıvan şəhərində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən xüsusi sessiyada Azərbaycan Energetika Nazirliyi və “Total Energies” şirkəti arasında 250 MVt gücündə quruda külək, Naxçıvan Muxtar Respublikasında 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Rəylər (0):