“Yaşıl artım” ölkəsinə çevrilmək Azərbaycan dövlətinin milli hədəfində

image

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransları BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində hər il keçirilən konfranslardır. Bu görüşlər iqlim dəyişikliyi ilə mübarizədə əldə edilmiş tərəqqini qiymətləndirmək və 1990-cı illərin ortalarından etibarən inkişaf etmiş ölkələr üçün istixana qazı emissiyalarını azaltmaq üçün hüquqi cəhətdən məcburi öhdəliklər qoyan Kioto Protokolunu müzakirə etmək üçün UNFCCC tərəflərinin – Tərəflər Konfransının (COP) rəsmi görüşü kimi xidmət edir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da (Tərəflər Konfransı) toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində birgə səylər göstərir.

Hər il fərqli ölkənin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ilk tədbiri 1995-ci ilin martında Berlində, sonuncusu - 28-ci sessiyası (COP28) isə 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 isə bu ilin noyabr ayında Azərbaycanda, Bakı şəhərində keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Bu, dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Bakı iki həftə ərzində dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.

Konfransın ən mühüm müsbət nəticələrindən biri kimi ölkədə turizm xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi göstərilir. Təbii ki, turizm və logistika sahəsində yüzlərlə yeni peşəkar mütəxəssis hazırlanacaq, bir çox problemlərin həlli ilə bağlı turizm və dövlət xidmətlərinin keyfiyyəti dəyişəcək. Regional turizm sahəsində də keyfiyyət dəyişikliyi gözlənilir, yeni marşrutlar və səhər turları təşkil olunacaq.

COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin etirafıdır. Bundan əlavə, COP29-un Azərbaycanda keçirilməsi BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir.

Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edib və etməkdədir. Məsələn, ölkəmiz artıq ardıcıl dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata – Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycan Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb. Bu, dünya siyasətində unikal nümunədir, çünki çox az ölkə eyni vaxtda İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasının üzvüdür.

COP29-un Bakıda keçirilməsi qərarı, həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir. Buna uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Neft-qaz ölkəsi olan Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanmasına səbəb olub. Azərbaycanın bərpaolunan enerji potensialı çox yüksəkdir. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının Azərbaycanda 30 faizə çatdırılması gözlənilir. Statistik göstəricilərə görə, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.

2020-ci ildə 44 günlük müharibədən dərhal sonra Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru, Naxçıvanı “yaşıl enerji bölgəsi” adlandırıb və bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb. Azərbaycanın bütün bölgələrində, eləcə də işğaldan azad edilmiş Kəlbəcər və Ağdərə rayonlarında geotermal və Günəş enerjisi ehtiyatları, Laçın, Qubadlı və Zəngilan rayonlarında hidroenerji mənbələri, Şuşa, Xocavənd və Cəbrayıl rayonlarında külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonlarında bioenerji ehtiyatlarının səmərəli istifadə edilməsi nəticəsində ölkəmizin ümumilikdə “Yaşıl enerji” istehsalçısına və istehlakçısına çevrilə bilər. Artıq Qarabağda və Şərqi Zəngəzurda hidroenerji potensialından fəal şəkildə istifadə edilir. Yaxın illərdə burada hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq ki, bu da yaşıl enerjiyə keçid prosesinə böyük töhfədir.

Ötən il işğaldan azad edilən ərazilərdə olan 12 bölgədə tikilən yarımstansiya və su elektrik stansiyalarının açılışı olub. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində tikilən 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası istismara verilib. Həmçinin yaşıl enerji strategiyasına uyğun olaraq 2023-cü ildə Kəlbəcər rayonunda 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub. Paralel olaraq “AzərEnerji” tərəfindən Laçında yeni tikilən 110 kilovoltluq “Qorçu” yarımstansiyasının və “Laçın” şəhər qovşaq yarımstansiyasının da ötən il açılışı həyata keçirilib. Bununla yanaşı, Laçın rayonunda yenidən qurulan 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” kiçik su elektrik stansiyaları yenidən qurularaq istismara buraxılıb. Prezident İlham Əliyev, həmçinin “AzərEnerji”nin yeni tikilən 10,5 meqavat gücündə “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında da iştirak edib. Həmçinin ötən ilin dekabr ayında isə 110 kilovoltluq “Ağdam” qovşaq yarımstansiyasının açılışı həyata keçirilib.

Bundan başqa, ötən il işğaldan azad edilən ərazilərdə “AzərEnerji”nin 9 elektrik stansiyasının tikintisinə başlanılıb və hazırda həmin 9 stansiya da daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının tikintisi davam edir və onların bir neçəsində işlər tamamlanıb. Bu 12 stansiyanın isə cari il istismara verilməsi nəzərdə tutulub.

Göründüyü kimi, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək Azərbaycan dövlətinin milli hədəflərindən biridir.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov AZƏRTAC-a bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi kifayət qədər əlamətdar bir hadisədir. COP29-un beynəlxalq medianın diqqətində olan tədbirlərdən biri olduğunu da sözlərinə əlavə edən deputat bu tədbir çərçivəsində ölkəyə gələn dövlət və şirkət başçılarının sayının kifayət qədər çox olacağına əmindir.

“Əvvəla COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha təsdiq edir ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT daxil olmaqla, beynəlxalq və qlobal təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məhz bu səbəbdən də Azərbaycanın namizədliyi dəstək olunub və təsdiqlənib. Nəzərə çatdırım ki, Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox investisiya edən ölkələrdən biridir. Son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan artıqdır. COP29 bir sıra istiqamətlərdə - Azərbaycanın iqtisadiyyatı, eyni zamanda, Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir”, - deyə Vüqar Bayramov vurğulayıb.

Azərbaycanın yaşıl enerji sahəsində bir sıra aparıcı şirkətlərlə, o cümlədən beynəlxalq qurumlarla əməkdaşlıq etdiyini də qeyd edən Milli Məclisin deputatı digər bir tərəfdən ölkəmizin yaşıl enerjinin istehlakda payı ilə bağlı bəlli hədəflərinin olduğunu vurğulayıb. Onu sözlərinə görə, bu hədəflərin reallaşması istiqamətində intensiv addımlar atılır: “Eyni zamanda, Azərbaycan, həm də Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya öz yaşıl enerjisini ixrac etmək niyyətindədir. Bu da ondan xəbər verir ki, 2026-cı ildən sonra Azərbaycan Avropa İttifaqının yaşıl enerjiyə olan tələbinin ödənməsində xüsusi paya malik olacaq. Bu istiqamətdə də çox sürətli işlər həyata keçirilməkdədir. COP29 Azərbaycanın potensialının və iqtisadi imkanlarının daha yaxından təqdim edilməsinə şərait yaradacaq ki, bu da çox vacib amillərdəndir. Çünki belə tədbirlər bir tərəfdən turizm-xidmət sektorunun dəstləklənməsi və inkişafına xidmət edir, digər tərəfdən isə ölkənin iqtisadi potensialı ilə daha yaxından tanış olmağa fürsət yaradır”.

Bərpaolunan enerjinin quruda iqtisadi potensialı 27 QVt təşkil edir, o cümlədən külək enerjisi üzrə 3 QVt, günəş enerjisi üzrə 23 QVt, bioenerji, geotermal və kiçik çaylarının birgə potensialı 1 QVt həcmində qiymətləndirilir.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova bildirib ki, Dünya Bankı Qrupunun təşəbbüsü olan “Enerji Sektorunun İdarəedilməsində Yardım Proqramı” - ESMAP çərçivəsində aparılan ilkin təhlillərə görə, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində dənizdə külək enerjisinin texniki potensialı, dayazsulu hövzələrdə 35 QVt və dərinsulu hövzələrdə 122 QVt olmaqla, ümumilikdə 157 QVt səviyyəsində qiymətləndirilib: “Ölkəmizin böyük bərpa olunan enerji potensialını nəzərə alaraq xarici investorlarla aparılan danışıqlar nəticəsində BƏƏ-nin bərpa olunan enerji sahəsində ixtisaslaşmış şirkəti olan Masdar ilə 10 QVt-dək həcmdə müqavilələr bağlanıb. İlkin mərhələdə quruda sənaye miqyaslı 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi, həmçinin 2 QVt gücündə dənizdə külək və inteqrə olunmuş yaşıl hidrogen istehsalı layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi imzalanıb”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKKM) baş məsləhətçisi Gültac Miralıyeva isə COP29-un Azərbaycanda keçirilməsinin ölkənin davamlı inkişafına və beynəlxalq əməkdaşlığa sadiqliyini vurğulamaqla bərabər, həmçinin beynəlxalq arenada ölkəmizin nüfuzunun daha da güclənməsinə müsbət təsir edəcəyini bildirib. O qeyd edib ki, bütün postsovet ölkələri arasında ilk dəfə olaraq Azərbaycan bu mötəbər qlobal tədbiri qəbul edəcək.

G.Miralıyeva diqqətə çatdırıb ki, ölkəmizin namizədliyi məsələsində beynəlxalq aləmin vahid mövqedən çıxış etməsi Azərbaycanın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir.

“Bu baxımdan, Bakıdakı mövcud infrastrukturu (otel, nəqliyyat sistemi, hava limanı və s. baxımından) da ciddi sınaq gözləyir. Statistika Komitəsinin bu ilin əvvəlinə olan göstəricisinə görə, Bakıdakı bütün otellərin günlük əsasda birdəfəlik tutumu cəmi 24 minə, bütün Azərbaycandakı otellərin birdəfəlik tutumu isə, 56 minə bərabərdir. Yəni, rəsmi rəqəmlərdən görünür ki, COP29 üçün gözlənilən turist sayı nəinki Bakının, bütün ölkənin otellərinin birdəfəlik tutumundan çox ola bilər. Bakının bu tədbirə özündən öncəki şəhərlərdəki qədər qonağı qəbul edərək ev sahibliyi etmək üçün şəhərin infrastruktur imkanlarının qısa müddətdə ciddi artırılması zəruridir. Ölkəmizdə “yaşıl” enerjidən istifadənin genişləndirilməsi sahəsində IFC və Dünya Bankı Qrupu ilə əməkdaşlıq layihələri, o cümlədən dənizdə külək enerjisi üzrə Yol Xəritəsi, elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi və bərpaolunan enerji ixracı planları, “yaşıl” enerjinin Xəzərdən Avropaya və Naxçıvandan Türkiyəyə ixracı, enerji keçidi, enerji effektivliyi, “yaşıl” hidrogen, elektromobillik və digər məsələlər haqqında danışıqlar aparılır. Ölkəmizin “yaşıl” inkişaf və qlobal iqlim hədəflərinə uyğun olaraq layihələrin vaxt itirmədən və səmərəli şəkildə həyata keçirilməsinin vacibliyini qeyd etmək lazımdır”, - deyə Gültac Miralıyeva əlavə edib.

İİTKKM rəsmisi onu da əlavə edib ki, Dördüncü Sənaye İnqilabı adlandırılan yeni dövrün əsasını təşkil edən yaşıl enerji ənənəvi enerji mənbələrini - daş kömür, neft-qaz kimi sahələri geridə qoyacaq: “Yeni istehsal olunan mühərriklər, maşınlar hidrogen, qaz və elektrik enerjiləri ilə işləyirlər. Yaşıl hidrogeni ixrac etmək potensialını yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə əməkdaşlıqları artırmaq arzuolunan hesab edilir. Bərpaolunan enerji gündəliyimizi təkcə günəş, külək elektrik stansiyaları ilə məhdudlaşmayaraq, Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialımızı inkişaf etdirmək prioritet məsələlərdəndir. Beləliklə, Azərbaycanın COP29-a, Braziliyanın COP30-a ev sahibliyi etməsi böyük əhəmiyyət kəsb edir. COP çərçivəsində Azərbaycan, Braziliya və Birləşmiş Ərəb Əmirlikləri qlobal istiləşməni 1.5 dərəcədə saxlamaq üçün birgə fəaliyyət göstərəcək. Beləliklə, Azərbaycan apardığı məqsədyönlü iş, böyük zəhmət və bu sahədə qazandığı uğurlar sayəsində İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etməyə tam layiqdir”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *