Dünyanın aparıcı təmiz enerji şirkətlərindən biri olan Masdar – Abu Dhabi Future Energy Company İndoneziyanın dövlət kommunal şirkəti PLN ilə əməkdaşlıqla bağlı müqavilələr imzalayıb.
Renewables.az şirkətin yaydığı məlumata əsasən xəbər verir ki, bununla Cənub-Şərqi Asiyanın ən böyük üzən günəş elektrik stansiyası olan "Cirata"nın qoyuluş gücü artırılacaq.
COP28 çərçivəsində imzalanan razılaşmaya əsasən 145 MVt gücündəki Cirata üzən günəş elektrik stansiyasının qoyuluş gücünün 500 MVt-dək artırılması planlaşdırılır. Tərəflər həmçinin yaşıl hidrogenin inkişaf etdirilməsi perspektivlərini araşdırmaq barədə razılığa gəlib.
Xatırladaq ki, Masdar və İndoneziyanın PLN Group şirkətinin birlikdə icra etdiyi 145 MVt (192 MVt-pik) gücündəki Cirata üzən günəş elektrik stansiyasının açılışı bu ilin noyabr ayında olub.
2006-cı ildə əsası qoyulmuş Masdar şirkəti ümumi elektrik enerjisi istehsal gücü 20 QVt-dan çox olan 40-dan çox ölkədə fəaliyyət göstərir. Şirkət 2030-cu ilə qədər 100 QVt və 1 milyon ton yaşıl hidrogenə çatmaq üçün iddialı artım planları ilə ümumi dəyəri 30 milyard ABŞ dollarından çox olan dünya miqyasında layihələrə sərmayə qoyub və ya investisiya etməyi öhdəsinə götürüb.