Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq Kəlbəcər rayonunda 8,6 meqavatlıq “Aşağı Vəng” və 8,8 meqavatlıq “Nadirxanlı” kiçik su elektrik stansiyaları tikilib. Burada istehsal edilən ekoloji təmiz yaşıl enerji ilə təxminən 25 min nəfər elektrik enerjisi ilə təmin olunacaq. “Aşağı Vəng” və “Nadirxanlı” stansiyalarında il ərzində 48 milyon kilovat-saat elektrik enerjisinin istehsal edilməsi nəzərdə tutulur. Qənaət edilən təbii qazın həcmi 12,5 milyon kubmetr təşkil edəcək ki, bununla da il ərzində 23 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.
“Çaykənd” Kiçik Su Elektrik Stansiyasının isə gücü 5 MVt-dır. Təxminən 7 min nəfəri ekoloji təmiz yaşıl enerji ilə təmin edəcək stansiyada “ətraf mühitə dost texnologiyalar” tətbiq ediləcək. Stansiyada il ərzində 15 milyon kilovat-saat elektrik enerjisinin istehsalı, bununla da 3.2 milyon kubmetr təbii qaza qənaət edilməsi və 6 min ton karbon qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər.