Almaniya Azərbaycanda innovativ BOEM mərkəzinin yaradılmasında mühüm rol oynaya bilər

AZƏRBAYCAN

image

Almaniya Azərbaycanda bərpa olunan enerji mənbələri (BOEM) üzrə innovativ mərkəzin yaradılmasına əhəmiyyətli töhfə verə bilər.

Renewables.az “Report”a istinadən xəbər verir ki, bunu Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Narqis Vik bildirib.

"Almaniya iqtisadiyyatı Azərbaycanda böyük hörmət və nüfuz qazanıb və biz ölkənin inkişafında, xüsusilə də innovativ BOEM mərkəzinin yaradılmasında və Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu - TBNM) boyunca infrastrukturun genişləndirilməsində mühüm rol oynaya bilərik. Bizim töhfəmiz təkcə texnologiyalar deyil, ilk növbədə, uzunmüddətli və davamlı artımı təmin edən “nou-hau”nun ötürülməsidir", - o qeyd edib.

Azərbaycanın planlarına uyğun olaraq, 2027-ci ilə qədər ölkədə ümumi gücü təxminən 2 QVt olan 8 sənaye miqyaslı günəş və külək elektrik stansiyası tikiləcək. Layihələrə ümumi investisiya qoyuluşu 2,8 milyard ABŞ dolları məbləğində qiymətləndirilir və xarici və yerli sərmayələr hesabına maliyyələşdiriləcək.

Bu planların həyata keçirilməsi ildə 5,3 milyard kVt/saat "yaşıl enerji" istehsal etməyə, enerji sistemində BOEM-in payını 32,6 %-ə çatdırmağa, ildə 1,2 milyard kubmetr qaza qənaət etməyə və istixana qazı emissiyalarını 2,5 milyon ton azaltmağa imkan verəcək.

Azərbaycan 2030-cu ilədək bərpa olunan enerji mənbələrindən 7 QVt enerji istehsal etməyi planlaşdırır ki, bunun da 5 QVt-ı ixrac olunacaq.



OXŞAR XƏBƏRLƏR