Energetika naziri Pərviz Şahbazov Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal ilə görüşüb.
Renewables.az xəbər verir ki, bu barədə nazir X sosial şəbəkəsindəki hesabında bildirib.
“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”, dəniz külək enerjisi, sahil infrastrukturu və kiçik həcmli bərpa olunan enerji, həmçinin istilik təchizatı sektorunun dekarbonizasiyası layihələri üzrə əməkdaşlığa dair fikir mübadiləsi apardıq. Təbii qazla bağlı hazırkı inkişaf tendensiyaları və Cənub Qaz Dəhlizi Məşvərət Şurasında iştirak məsələlərini nəzərdən keçirdik", - nazirin paylaşımında qeyd olunub.
Energetika Nazirliyinin məlumatına görə, görüşdə Asiya İnkişaf Bankı ilə enerji sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib.
Bərpa olunan enerji sahəsində, xüsusilə günəş enerjisi və “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihələrində Bankın dəstəyi yüksək qiymətləndirilib. Enerji gündəliyinin prioritet məsələləri müzakirə edilib. Azərbaycanla Qazaxıstan və Özbəkistanı əlaqələndirən “yaşıl enerji” infrastrukturu, habelə fiber-optik komponent (FOC), dəniz külək enerjisinin istehsalı və ötürülməsi, habelə sahil infrastrukturunun qurulması ilə bağlı görülən işlər və qarşıdakı planlar diqqətə çatdırılıb. Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi ilə bağlı üç ölkənin və ADB-nin iştirakı ilə planlaşdırılan görüşdən bəhs edilib.
Söhbət zamanı Bankla kiçik həcmli bərpa olunan enerji layihələri, şəbəkənin təkmilləşdirilməsi də daxil olmaqla bir çox istiqamətlərdə əməkdaşlıq imkanları dəyərləndirilib. Həmçinin istilik təchizatı sektorunun dekarbonizasiyası layihəsi üzrə əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Bundan başqa, təbii qaz sektorunda müşahidə olunan inkişaf tendensiyaları və Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivləri ilə bağlı da fikir mübadiləsi aparılıb.