Bu ilin yanvar-fevral aylarında operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 4 milyard 864,8 milyon kVt-saat, ixracı 301,5 milyon kVt-saat, idxalı isə 19,5 milyon kVt-saat olub.
Renewables.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, bu dövrdə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 510,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 140,3 milyon kVt-saat və ya 38 faiz çoxdur.
Hesabat dövründə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı ümumi istehsalın 10 faizini təşkil edib (ötən ilin müvafiq dövründə bu göstərici 8 faiz olub).
Nazirliyin açıqladığı operativ məlumatlara əsasən 2025-ci ilin yanvar-fevral ayları ərzində istilik elektrik stansiyalarında (İES) 4 mlrd. 354,3 mln. kVt-saat, su elektrik stansiyalarında (SES) 411,7 mln. kVt-saat, digər mənbələr üzrə isə 98,8 mln. kVt-saat, o cümlədən külək elektrik stansiyalarında 5,8 mln. kVt-saat, günəş elektrik stansiyalarında 54,9 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 38,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə su və günəş elektrik stansiyalarının enerji istehsalında 140,6 mln. kVt-saat artım qeydə alınıb.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 4 mlrd. 353,6 mln. kVt-saat (İES-lərdə 3 mlrd. 955,7 mln. kVt-saat, SES-lərdə 397,9 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 61,3 mln. kVt-saat (İES-lərdə 41,4 mln. kVt-saat, SES-lərdə 12,3 mln. kVt-saat, GES-də 7,6 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 4,1 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə isə 445,8 mln. kVt-saat təşkil edib.
Bu dövrdə elektrik enerjisinin ixracı 301,5 mln. kVt-saat, idxalı isə 19,5 mln. kVt-saat olub.
Qeyd edək ki, 2025-ci ilin fevral ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 mlrd. 374,0 mln. kVt-saat olub. Bu dövrdə elektrik enerjisinin ixracı 146,1 mln. kVt-saat, idxalı isə 8,4 mln. kVt-saat təşkil edib.