Energetika sektorunda tənzimləmə mühiti təkmilləşdiriləcək və liberal bazar prinsipləri tətbiq olunacaqdır.
Bərpa olunan enerji mənbələrindən istifadə artırılacaq, enerji səmərəliliyi təmin ediləcəkdir. İqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadə genişləndiriləcəkdir. Nəticədə, energetika sahəsində dövlətin maliyyə yükü azaldılacaq və subsidiyaların mərhələli şəkildə aradan qaldırılması reallaşdırılacaqdır.
Elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı mövcud 17,3 %-dən 2026-cı ilədək 24 %-ə çatdırılacaqdır (2030-cu ilədək 30 % hədəfinə uyğun olaraq).
Bərpa olunan enerji mənbələrinin payının 24 %-ə çatdırılması üçün 1 200 MVt qoyuluş gücü yaradılmalıdır.
Layihələrin istismar tarixlərinə əsasən demək olar ki, bu güc "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyaları (140 MVt), Laçın-Kəlbəcər günəş enerji layihəsi (400 MVt), "Qaradağ" günəş elektrik stansiyası (230 MVt), "Xızı-Abşeron" külək elektrik stansiyası (240 MVt) və Qarabağda dağıdılmış su elektrik stansiyaları və kiçik su elektrik stansiyalarının bərpası ilə təmin edilə bilər (Cəbrayılda 240 MVt-lıq günəş elektrik stansiyası 2026-cı ildə tikiləcək).
Həmçinin, Sənəddə 5-ci Milli Prioritet olan "Təmiz Ətraf Mühit və Yaşıl Artım Ölkəsi"nin "Yaşıl Enerji Məkanı" məqsədi üzrə fəaliyyət istiqamətləri açıqlanıb.
Cavid Babayev