"AzərEnerji" və YEO 250 MVt-saat gücündə enerji saxlama sistemi qurulması barədə razılıq əldə edib

22 sentyabr 2026, 15:53 (UTC+4)
ÖLKƏ ENERJİ SAXLAMA
EDITOR
image
Sİ ilə hazırlanıb

“AzərEnerji” ASC ilə Türkiyənin “YEO Teknoloji Enerji ve Endüstri A.Ş.” şirkəti arasında 250 MVt/saat gücündə Batareya Enerji Saxlama Sisteminin (BESS) qurulması ilə bağlı müqavilə imzalanıb.

Renewables.az-ın YEO şirkətinə istinadən verdiyi məlumata görə, layihə mühəndislik, tədarük, tikinti və maliyyələşdirməni əhatə edən EPC-F modeli üzrə həyata keçiriləcək. “Açar təslim” formatında reallaşdırılacaq layihənin ümumi dəyəri 58,6 milyon ABŞ dolları təşkil edir. Maliyyələşdirmənin yerli banklar tərəfindən təmin olunacağı və kreditin 4 il ərzində geri ödəniləcəyi nəzərdə tutulur.

Layihə çərçivəsində batareya sistemlərinin, Enerji Çevirmə Sisteminin (PCS), Batareya İdarəetmə Sisteminin (BMS) və Enerji İdarəetmə Sisteminin (EMS) mühəndisliyi, tədarükü, quraşdırılması və istismara verilməsi həyata keçiriləcək.

Bundan əlavə, YEO tərəfindən yüksək gərginlikli enerji mərkəzinin inşası və qurğunun elektrik şəbəkəsinə inteqrasiyası təmin ediləcək. Tikinti işlərinə yaxın müddətdə başlanılması, enerji saxlama sisteminin isə bir il ərzində tam istifadəyə verilməsi planlaşdırılır.

Layihədə istifadə olunacaq batareyalar YEO qrupuna daxil olan REAP Battery şirkəti tərəfindən istehsal ediləcək.