Bərpa olunan enerji mənbələrindən istifadə haqqında Qanunu formalaşdıran vacib sənədlər

AZƏRBAYCAN

image

Bərpa olunan enerji sahəsinin inkişafı baxımından çox mühüm əhəmiyyətə malik qanunvericilik aktları təsdiqlənib. Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiqlənmiş “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları” (1), Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası (2), “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi” (3) “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə əsasən hazırlanıb.

Qısa olaraq hər 3 qanunvericilik aktının mahiyyəti və əhəmiyyəti haqqında:

(1) Aktiv istehlakçı kimdir? Elektrik enerjisini istehlak etməklə yanaşı, bərpa olunan enerji mənbələri hesabına gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla) elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxs aktiv istehlakçı hesab olunur. Beləliklə, hər kəs öz evində və ya müəssisəsində bərpa olunan enerji qurğuları (günəş paneli, külək turbini və s.) quraşdıraraq enerji istehsal edərək şəbəkəyə qoşula biləcək. Bundan əlavə, vətəndaşlar istehlakdan artıq qalan elektrik enerjisini şəbəkəyə sataraq gəlir əldə edə biləcəklər. Belə ki, aktiv istehlakçı alqı-satqı müqaviləsi əsasında enerji təchizatı müəssisəsi ilə istehsal və istehlak edilən elektrik enerjisinin həcminə görə əvəzləşə və hesablaşa biləcək. Əhali qrupuna daxil olan aktiv istehlakçılar üçün vergi güzəştləri də mövcuddur.

(2) Əgər bərpa olunan enerji qurğuları (günəş paneli, külək turbini və s.) vasitəsilə elektrik enerjisi istehsal və ya istehlak edirsinizsə siz bunu sənədləşdirə və elektrik enerjisinin mənbəyinə dair sertifikat ala bilərsiniz. Sertifikatda bərpa olunan enerji mənbəyinin növü, generasiya qurğularının gücü, istehsal və istehlak edilmiş elektrik enerjisinin, qarşısı alınmış karbon qazı tullantılarının miqdarları və digər məlumatlar əks olunur. Sertifikat sisteminin tətbiqi bərpa olunan enerji mənbələrindən istifadəni stimullaşdırılmaqla, gələcəkdə elektrik enerjisi bazarının formalaşmasında mühüm rol oynayacaq.

(3) Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılmasında məqsəd bərpa olunan enerji sahəsində məlumatlandırma işinin təşkili, bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadə və bərpa olunan enerji üzrə məlumatların bir mənbədə (atlasda) toplanmasıdır. Eyni zamanda sistemin tərkib hissəsi olan atlasa bərpa olunan enerji mənbələri potensiallı ərazilər daxil edilir ki, bu da müvafiq sahədə fəaliyyət göstərən investorlar üçün maraq kəsb edəcək. Bundan əlavə hər bir vətəndaş üçün bərpa olunan enerjiyə dair məlumatların açıq mənbədən əldə olunması sahənin inkişafına öz töhfəsini verəcək.

Bütün bunlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, o cümlədən müvafiq sahənin inkişafı ilə əlaqədar Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi tərəfindən atılan ciddi addımlardan biridir.

Cavid Babayev



OXŞAR XƏBƏRLƏR