Masdar Naxçıvanda enerji saxlanc sistemləri üzrə kompleks tədqiqat aparıb

AZƏRBAYCAN

image

“Masdar” Azərbaycanda dənizdə külək elektrik stansiyaları sahəsində güclərin artırılması üzrə tədqiqatları davam etdirir.

Bunu “Masdar Azərbaycan”ın direktoru Murad Sadıxov Bakıda “Daha yaşıl gələcəyə doğru innovativ yollar: Bərpaolunan enerji mənbələri və tullantıların azaldılması” mövzusunda ADA Universitetində keçirilən tədbirdə etdiyi çıxışda deyib.

“Biz ofşor külək elektrik stansiyaları, “yaşıl” hidrogen və akkumlyator enerji saxlama sistemləri sahəsində əlavə güclərlə bağlı tədqiqatları davam etdiririk. Törəmə şirkətlərimizdən biri Naxçıvanda şəbəkə və akkumulyator enerji saxlama sistemlərinin işi üzrə kompleks tədqiqat aparıb”, - deyə o bildirib.

Qeyd olunub ki, ölkənin ümumi enerji balansında bərpa olunan enerji payının artırılmasının potensial təsirini qiymətləndirmək üçün də bir sıra tədqiqatlar həyata keçirilib.

M.Sadıxov əlavə edib ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkətinin Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihələr ölkənin bərpa olunan enerji mənbələrindən (BOEM) alınan elektrik enerjisinə olan tələbatının 30 %-dən çoxunu təmin etməyə imkan verəcək.

"Hazırda iki günəş elektrik stansiyası inşa olunur - Biləsuvarda 445 MVt və Neftçalada 315 MVt gücündə. Biləsuvardakı stansiya bütün Xəzər regionunda bir ərazidə ən böyük generasiya obyekti olacaq", - o qeyd edib.

Həmçinin cari ilin sonunadək 240 MVt gücündə külək elektrik stansiyasının tikintisinə başlanılması planlaşdırılır.

"Bu üç obyekt ümumi gücü 1 giqavat olan böyük “Mega” layihəsinin bir hissəsidir. Onların həyata keçirilməsi sayəsində “Masdar” Azərbaycanın enerji keçidinə əhəmiyyətli töhfə verəcək və bərpa olunan mənbələr hesabına elektrik enerjisinin cari istehlakının 30 %-dən çoxunu təmin edəcək", - M. Sadıxov vurğulayıb.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi Azərbaycan hökuməti, beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq, həmçinin Əbu-Dabi və BƏƏ hökumətinin dəstəyi sayəsində mümkün olub.

"Çağırışlara baxmayaraq, biz birlikdə bu iddialı layihə ilə irəliləməyi qərara almışıq", - o əlavə edib.

 

Report, Trend



OXŞAR XƏBƏRLƏR