Qeyd edildiyi kimi, Prezident İlham Əliyev ötən ay Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparıldığını bildirmişdi.
Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə Prezident deyib: "Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planlarımız var. Həmçinin bu yaxınlarda orada ekspertiza aparılıb və ola bilsin, yaxın vaxtlarda 500 meqavatlıq günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımlarımız olsun".
Bakı Enerji Forumunun bu ilki xüsusi sessiyasının Naxçıvanda keçiriləcəyini nəzərə alsaq, xarici şirkətlərlə bu istiqamətdə müqavilələrin imzalanması ehtimalı çox olduğu ehtimalını qeyd etmişdim.
Külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1000 MVt-nın Türkiyə və Avropa istiqamətində ixracı hədəflənir.
“Bakı Enerji Forumu”nun Naxçıvanda keçirilən “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusundakı xüsusi sessiyasında xarici şirkətlərlə 900 MVt gücündə yaşıl enerji layihələri üzrə anlaşma memorandumları imzalanıb. Bu güclərin 650 MVt-ı Naxçıvanda icra ediləcək.
“Nobel Energy Management” şirkəti ilə Naxçıvan MR-da 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə, “TotalEnergies” şirkəti ilə 250 MVt gücündə quruda külək, Naxçıvan MR-da 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bununla həm ölkəmizin bərpa olunan enerji üzrə qoyuluş gücü artacaq həm də Muxtar Respublikanın "yaşıl enerji zonası"na çevrilməsi istiqamətində önəmli addım atılacaq.
İşğaldan azad edilmiş ərazilərin ardınca Naxçıvan Muxtar Respublikası da "yaşıl enerji zonası"na çevriləcək, artıq bununla bağlı Konsepsiya da hazırlanır.
Qeyd etmək yerinə düşər ki, Naxçıvanda günəş enerjisinin qoyuluş gücü 39 MVt, illik günəş enerjisi istehsalı isə 58,5 milyon kVt-saat təşkil edir.
Cavid Babayev