Qlobal günəş fotovoltaik (PV) paneli istehsalı son 15 ildə 38 dəfə artıb.
Renewables.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) öz hesabatında "Wood Mackenzie" şirkətinə istinadən bildirib.
2007-2022-ci illərdə günəş paneli istehsalı 7,2 QVt-dan təqribən 38 dəfə artaraq 2022-ci ildə 271 QVt təşkil edib. Təkcə Çinin qlobal istehsal bazarındakı payı 2 dəfə artaraq 2008-ci ildəki 39 %-dən 2022-ci ildə 78 %-ə çatıb.
Dünyanın digər bölgələrində yalnız minimal istehsal həyata keçirilir. 2008-2022-ci illərdə Avropanın payı 30 %-dən 0,5 %-ə, Yaponiyanın payı 11 %-dən 0,2 %-ə, ABŞ-nin payı 6,8 %-dən 1,7%-ə düşüb.
Çinin günəş paneli ixracının dəyəri (əsas alıcı Avropa olmaqla) 2022-ci ildə 64 % artaraq 32 milyard ABŞ dollarından 52 milyard ABŞ dollarına yüksəlib. Bu, ölkənin dominant mövqeyini və modullarının ABŞ və ya Avropada istehsal olunanlardan 57 %-ə qədər daha sərfəli olduğunu əks etdirir. Çinin əsas xərc üstünlüyü onun aşağı material xərcləridir.
Qeyd edək ki, Çinin günəş panelləri ixracı bu ilin ilk yarımilində 26,3 milyard dollar təşkil edib.