İsveçrənin Sun-Ways startapı ölkənin qərbində fəaliyyət göstərən dəmiryol xəttində çıxarıla bilən günəş elektrik stansiyasını işə salıb.
Renewables.az pv-magazine portalına istinadən xəbər verir ki, sistem hər biri 385 Vt gücündə olan 48 günəş (fotovoltaik) panelindən ibarətdir.
Dünyanın dəmir yolu nəqliyyatı üçün açıq olan ilk günəş stansiyası kimi təqdim edilən massiv Nevşatel dağlarında yerləşir. Quraşdırılmış panellərin ümumi gücü 18 kVt-dır və ildə 16 000 kVt-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir, bununla da ərazidən 500 metr məsafədə olan ictimai şəbəkəyə enerji veriləcək.
Sərnişin qatarlarının bu gündən (aprelin 28-dən) hərəkətə başlaması planlaşdırılır.
Şirkətdən verilən məlumata görə, Belçika, Fransa, İndoneziya, İsrail və Cənubi Koreyadan olan nümayəndə heyətləri öz ölkələrində potensial yerləşdirməni qiymətləndirmək üçün açılışda iştirak ediblər.
İsveçrə Federal Nəqliyyat İdarəsi layihəyə keçən ilin oktyabrında rəsmi icazə verib. O vaxtdan sistem müxtəlif təhlükəsizlik və uyğunluq testlərindən keçib və bütün lazımi icazələr alınıb. Növbəti üç il ərzində panellərin davamlılığı, çirklənməyə və dəmir yolu infrastrukturuna təsiri üzrə əlavə sınaqlar aparılacaq. Əldə edilən məlumatlar çıxarıla bilən günəş panellərinin uzunmüddətli perspektivdə dəmir yolu əməliyyatlarına inteqrasiya oluna biləcəyini müəyyən edəcək.
Tədqiqatçıların nəticəsinə görə, bu kimi layihələr həm texniki, həm də kommersiya baxımından cəlbedici ola bilər. Həmçinin qeyd ediblər ki, ağır çirklənmə və qatarların güclü mexaniki gərginliyi günəş panellərinin işini məhdudlaşdıra bilər. Hər iki amil sistemin ömrünü əhəmiyyətli dərəcədə qısalda və enerji çıxışının azalmasına gətirib çıxara bilər.
