Azərbaycan–Türkiyə–Avropa Enerji Dəhlizi layihəsi üzrə son yeniliklər açıqlanıb

20 Oktyabr 2026, 11:42 (UTC+4)
ÖLKƏ • YAŞIL ENERJİ DƏHLİZİ
EDITOR
image

Regional enerji bağlantılarının inkişafında Naxçıvan üzərindən “Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi” də xüsusi yer tutur. İlkin mərhələdə Naxçıvandan Türkiyəyə 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi planlaşdırılır.

Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirilib.

"Bunun üçün 330 kV-luq “Cəbrayıl” yarımstansiyası tikilərək ölkənin enerji sisteminə qoşulub. Növbəti mərhələdə Naxçıvanda yeni 330 kV-luq yarımstansiyanın tikilməsi və onun Cəbrayılla 1000 MVt ötürmə qabiliyyətinə malik xətlərlə birləşdirilməsi nəzərdə tutulur. Artıq Cəbrayıl-Ağbənd xəttində işlər yekunlaşmaq üzrədir, Ermənistan sərhədindən Naxçıvana qədər olan hissədə tikinti davam edir. Naxçıvandakı yarımstansiyanın təməli də qoyulub. Son mərhələdə isə 400 kV-luq çevirici yarımstansiyanın və elektrik ötürücü xətlərin tikilməsi planlaşdırılır. Bu bağlantının TRIPP marşrutu vasitəsilə tamamlanması Xəzərin hər iki sahilində yerləşən türk dövlətlərinin enerji sistemlərini birləşdirən “Mərkəzi Asiya-Azərbaycan-Türkiyə” enerji körpüsünün formalaşmasını təmin edə bilər. Dövlətimizin başçısının da vurğuladığı kimi, bizim yürütdüyümüz enerji siyasəti enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərinin də hüdudlarını aşır. Çünki bu, ölkələr arasında yeni bağlantılar yaradır və əlaqələrin inkişafına kömək edir, bu prosesə cəlb olunmuş bütün ölkələr arasında qarşılıqlı etimad səviyyəsinin artırılmasına kömək edir", - məqalədə oxunur.