Naxçıvanda 20 MVt gücündə batareya enerji saxlanc sistemi şəbəkəyə qoşulacaq

20 Oktyabr 2026, 12:27 (UTC+4)
ÖLKƏ • ENERJİ SAXLAMA
EDITOR
image
Foto: Azərenerji ASC

Naxçıvanda gələn ilin əvvəlində 20 MVt gücündə batareya enerji saxlanc sisteminin şəbəkəyə qoşulması nəzərdə tutulur.

Renewables.az xəbər verir ki, bunu "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev "Xalq qəzeti"ndə dərc olunmuş məqaləsində bildirib.

Məqalədə qeyd edilib ki, batareya sistemləri ənənəvi generasiya güclərini əvəz edən texnologiya kimi deyil, mövcud enerji infrastrukturunun imkanlarını tamamlayan vasitə kimi qiymətləndirilir. Onların səmərəsi şəbəkənin vəziyyətindən, idarəetmə alqoritmlərindən, enerji saxlanc tutumundan və digər enerji mənbələri ilə əlaqələndirmənin səviyyəsindən asılıdır.

Gələcəkdə batareya sistemlərinin rəqəmsal dispetçer idarəetməsi ilə uzlaşdırılması, enerji istehlakının proqnozlaşdırılması və bərpa olunan enerji istehsalının dinamikasına uyğun işlədilməsi daha böyük əhəmiyyət qazanacaq. Belə inteqrasiya elektrik enerjisinin daha səmərəli bölüşdürülməsinə, pik yüklərin idarə olunmasına və yeni yaşıl enerji güclərinin şəbəkəyə qoşulmasının asanlaşdırılmasına imkan verəcək.