Azərbaycan "yaşıl enerji ticarəti" üçün regional sertifikatlaşdırma sistemlərinin uyğunlaşdırılmasını təklif edib

7 sentyabr 2026, 18:28 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Orxan Zeynalov | © Baku Climate Action Week

Azərbaycan regional səviyyədə "yaşıl enerji" ticarətinin inkişaf etdirilməsi məqsədilə sertifikatlaşdırma sistemlərinin harmonizasiyasını təklif edib.

Renewables.az "Report"a istinadən xəbər verir ki, bu təkliflə energetika nazirinin müavini Orxan Zeynalov Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) çərçivəsində çıxış edib.

O. Zeynalovun sözlərinə görə, Azərbaycan bərpa olunan elektrik enerjisinin mənşəyini təyin etmək və izləmək məqsədilə artıq milli mexanizm yaradıb: "Regional yaşıl koridorların genişlənməsi fonunda əsas prioritet milli sertifikatlaşdırma sistemləri arasında uzlaşmanın və qarşılıqlı tanınmanın təmin edilməsidir. İnfrastrukturumuz bir-birinə daha çox inteqrasiya olunduğu halda, sertifikatlaşdırma sistemləri fərqli standartlara, prosedurlara və rəqəmsal formatlara söykənə bilər. Bu sistemlər arasında effektiv əlaqə qurulmadıqda, sertifikatlaşdırma sərhədlərarası ticarəti əngəlləyən amilə çevrilə bilər.

Bu, sırf texniki xarakterli məsələ deyil. Sertifikatlaşdırma investorların etimadına, layihələrin maliyyələşdirilə bilmə qabiliyyətinə, bazarlara çıxışa və bərpa olunan elektrik enerjisinin beynəlxalq miqyasda tanınmasına bilavasitə təsir edir. Məhz buna görə sertifikatlaşdırma başlanğıcdan infrastrukturun ayrılmaz komponenti kimi qəbul edilməlidir".

Nazir müavini Avropa və digər bazarlara "yaşıl elektrik enerjisi" ixrac etmək iddiaları ilə bağlı fəaliyyəti davam etdirmək mühüm əhəmiyyət kəsb edir.

"Bununla yanaşı, I-REC standartları kimi beynəlxalq könüllü mexanizmlərin bizim üçün dəyərli təcrübə mənbəyi olduğunu da nəzərə almaq lazımdır. Hesab edirik ki, regional bərpa olunan enerji sertifikatlaşdırması mövzusunda strukturlaşdırılmış dialoqa start vermək vaxtıdır. Bu sahədə qabaqcıl nümunələrdən bəhrələnmək üçün tədbirin keçirilməsi çox vaxtında atılmış addımdır. Hökumətləri, tənzimləyici orqanları, sertifikat verən qurumları, ötürücü sistem operatorlarını (TSO), investorları, beynəlxalq maliyyə institutlarını, beynəlxalq təşkilatları və digər bazar iştirakçılarını əhatə edən regional platforma ortaq prinsiplərin formalaşdırılmasına, uzlaşmanın stimullaşdırılmasına və qarşılıqlı tanınma üçün praktiki mexanizmlərin hazırlanmasına töhfə verə bilər".

O əlavə edib ki, "yaşıl elektrik enerjisi"nin müəyyənedici xüsusiyyəti onun bərpa olunan mənbələrdən istehsal olunduğuna dair inandırıcı və yoxlanıla bilən iddiadır: "Məhz burada Bərpa Olunan Enerji Sertifikatları (REC) həlledici rol oynayır. REC-lər istehsalçıların, ticarətçilərin, istehlakçıların və tənzimləyicilərin elektrik enerjisinin bərpa olunan xüsusiyyətlərini yoxlaya bilməsi üçün şəffaf mexanizm təmin edir. Onlar ikiqat uçotun qarşısını almağa kömək edir və bir bazarda istehsal olunan, digər bazara ixrac edilən bərpa olunan elektrik enerjisinin müxtəlif yurisdiksiyalarda etibarlı şəkildə tanınacağına inam yaradır. Başqa sözlə, "yaşıl dəhliz"lə fiziki əlaqələr yaradırsa, sertifikatlaşdırma sistemləri sərhədlərarası bərpa olunan elektrik enerjisi ticarətinin səmərəli fəaliyyət göstərməsinə imkan verən etimadın təməlini qoyur. Bu elementlər - interkonneksiya, şəffaflıq və etimad - birgə bərpa olunan enerji potensialımızı həqiqətən inteqrasiya olunmuş sistemlərə çevirməyimizə kömək edir".