Azərbaycanda 150 kVt-dan yuxarı bərpa olunan enerji gücünün şəbəkəyə inteqrasiyası üzrə maneələrin təhlili və təkmilləşdirilməsi layihəsinə start verilib

8 oktyabr 2026, 17:20 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Foto: Renewables.az tərəfindən Sİ ilə hazırlanıb

Energetika Nazirliyi tərəfindən “150 kVt-dan yuxarı gücü olan paylanmış bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası üzrə hüquqi, texniki və iqtisadi maneələrin təhlili və təkmilləşdirilməsi” layihəsinə start verilib.

Renewables.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) məlumat yayıb.

Energetika Nazirliyinin sədrliyi ilə 150 kVt-dan yuxarı gücü olan paylanmış bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası üzrə hüquqi, texniki və iqtisadi maneələrin təhlili və təkmilləşdirilməsi üzrə İşçi Qrupun ilk iclası onlayn formatda keçirilib.

İclasda açılış nitqi ilə çıxış edən BOEMDA-nın direktoru Cavid Abdullayev ölkədə həyata keçirilən enerji keçidi və elektrik enerjisi sistemində bərpa olunan enerji mənbələrinin payının artırılması istiqamətində paylanmış bərpa olunan enerji güclərinin vacibliyini qeyd edib.

Bildirilib ki, paylanmış günəş, külək və digər bərpa olunan enerji qurğularının inkişafı yaşıl enerji istehsalının artırılması ilə yanaşı, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin azaldılmasına, lokal enerji təchizatının və enerji təhlükəsizliyinin gücləndirilməsinə, habelə istehlakçıların və biznes subyektlərinin enerji bazarında fəal iştirakının genişləndirilməsinə imkan yaradır.

İclasda 150 kVt-dan yuxarı gücə malik paylanmış bərpa olunan enerji layihələrinin sayının hazırda məhdud olması nəzərə alınaraq, bu sahənin inkişafına təsir edən hüquqi, texniki və iqtisadi maneələrin kompleks şəkildə araşdırılmasının vacibliyi vurğulanıb. Bu çərçivədə normativ-hüquqi baza, şəbəkəyə qoşulma prosedurları və müddətləri, texniki standartlar, inzibati proseslər, elektrik enerjisinin satış mexanizmləri, vergi və maliyyələşdirmə məsələləri əsas təhlil istiqamətləri kimi müəyyən edilib.

Dünya Bankının texniki dəstəyi ilə layihəyə cəlb olunan beynəlxalq ekspert tərəfindən həyata keçiriləcək əsas iş istiqamətləri təqdim olunub.

Birinci istiqamət üzrə mövcud qanunvericilik və normativ-hüquqi aktların, eləcə də şəbəkəyə qoşulma qaydaları və müddətlərinin nəzərdən keçirilməsi, mövcud boşluqların müəyyən edilməsi və Avropa və MDB ölkələrinin qabaqcıl təcrübəsinin Azərbaycanın elektrik enerjisi bazarına uyğunlaşdırılması imkanlarının qiymətləndirilməsi nəzərdə tutulur.

İkinci istiqamət çərçivəsində 150 kVt-dan yuxarı gücə malik layihələr üçün elektrik enerjisinin maya dəyəri (LCOE), layihələrin rentabelliyi, “net-metering” və “net-billing” mexanizmləri, elektrik enerjisinin satınalma müqavilələri (PPA), vergi və subsidiya mexanizmləri, həmçinin “Mənşə Sertifikatı” (Guarantees of Origin) sistemi qiymətləndiriləcək.

Üçüncü istiqamət üzrə aparılmış təhlillərin nəticələrinə əsasən konkret icra müddətlərini, məsul qurumları və zəruri qanunvericilik dəyişikliklərini özündə əks etdirən Yol Xəritəsinin və yekun hesabatın hazırlanması nəzərdə tutulur.

İclasın sonunda İşçi Qrupunun üzvləri ilə sual-cavab sessiyası keçirilib, növbəti mərhələdə məlumat və materialların mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.

İşçi Qrupunda Energetika Nazirliyi, “Azərişıq” ASC və Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələri iştirak edir.

Renewables.az