Azərbaycanda Energetiklər Günü qeyd olunur

20 Oktyabr 2026, 08:00 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Foto: Renewables.az tərəfindən Sİ ilə hazırlanıb

Oktyabrın 20-si Azərbaycanda energetika sahəsində çalışanların peşə bayramı – Energetiklər Günüdür.

Renewables.az xəbər verir ki, Energetiklər Günü Azərbaycan Prezidenti İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə təsis edilib. Sərəncama əsasən, hər il oktyabrın 20-si ölkədə energetiklərin peşə bayramı kimi qeyd olunur.

Bu tarixin seçilməsi Azərbaycan energetikasının inkişafında mühüm hadisə ilə bağlıdır. Belə ki, 1981-ci il oktyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bloku istismara verilib. Bu hadisə ölkənin elektroenergetika sisteminin inkişafında yeni mərhələnin başlanğıcı hesab olunur.

Azərbaycanın enerji infrastrukturu modernləşdirilir

Son illərdə Azərbaycanda energetika sektorunun modernləşdirilməsi, elektrik enerjisi istehsalı güclərinin artırılması, ötürücü və paylayıcı şəbəkələrin yenilənməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilib. Yeni elektrik stansiyalarının tikintisi, mövcud enerji obyektlərinin yenidən qurulması və müasir texnologiyaların tətbiqi ölkənin enerji infrastrukturunun inkişafına xidmət edir.

Bu istiqamətdə həyata keçirilən ən böyük layihələrdən biri Mingəçevir şəhərində inşa edilmiş 1880 MVt gücündə “8 Noyabr” Elektrik Stansiyasıdır. Prezident İlham Əliyevin iştirakı ilə 2025-ci il iyunun 24-də istifadəyə verilən stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilmiş ən böyük elektrik stansiyasıdır. Müasir texnologiyalar əsasında qurulan stansiya ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə, elektrik enerjisi istehsalının səmərəliliyinin artırılmasına və bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyasına xidmət edir. Layihə çərçivəsində tətbiq edilən texnologiyalar hesabına illik 1 milyard kubmetr təbii qaza qənaət edilməsi və 2 milyon ton karbon qazı emissiyasının qarşısının alınması nəzərdə tutulur.

Azərbaycan yaşıl enerjiyə keçidi sürətləndirir

Azərbaycanın enerji siyasətində bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi əsas prioritetlərdən birinə çevrilib. Ölkədə günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi, enerji istehsalının şaxələndirilməsi və karbon emissiyalarının azaldılması istiqamətində mühüm addımlar atılır.

Bu sahədə həyata keçirilən əsas layihələrdən biri Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasıdır. 2023-cü il oktyabrın 26-da istifadəyə verilən stansiya Azərbaycanda xarici investisiya hesabına reallaşdırılmış ilk sənaye miqyaslı günəş elektrik stansiyasıdır. Layihənin illik təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsalına, 110 milyon kubmetr təbii qaza qənaətə və 200 min ton karbon emissiyasının qarşısının alınmasına imkan verəcəyi nəzərdə tutulub.

Yaşıl enerji siyasəti çərçivəsində digər mühüm layihə Səudiyyə Ərəbistanı Krallığının “Acwa” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasıdır. Stansiyanın illik 1 milyard kilovat-saat elektrik enerjisi istehsal etməsi, 220 milyon kubmetr təbii qaza qənaətə və 400 min tondan artıq karbon emissiyasının qarşısının alınmasına şərait yaratması gözlənilir.

Ölkədə bərpa olunan enerji potensialının reallaşdırılması istiqamətində digər iri layihələr də həyata keçirilir. Biləsuvar və Neftçalada günəş, Abşeron-Qaradağ ərazisində külək elektrik stansiyaları, eləcə də Cəbrayıl rayonunda “Şəfəq” Günəş Elektrik Stansiyası bu istiqamətdə görülən işlər sırasındadır. Qarşıya qoydulan hədəflərdən biri 2030-cu ilədək elektrik enerjisi üzrə ümumi quraşdırılmış gücdə bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmaqdır.

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda yaşıl enerji zonaları yaradılır

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji potensialından istifadə ölkənin enerji strategiyasında xüsusi yer tutur. İşğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası” konsepsiyası çərçivəsində su elektrik stansiyalarının tikintisi və bərpası, enerji infrastrukturunun yenilənməsi, bərpa olunan enerji mənbələrinin elektrik şəbəkəsinə inteqrasiyası istiqamətində layihələr həyata keçirilir.

Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 307 MVt olan 38 elektrik stansiyası istismara verilib. Naxçıvanda isə günəş enerjisi potensialının reallaşdırılması və elektrik enerjisinin ixracı üçün müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur. Burada ümumi gücü 50 MVt olan günəş elektrik stansiyaları tikilir, enerji saxlama sistemlərinin tətbiqi istiqamətində işlər aparılır.

Azərbaycan beynəlxalq yaşıl enerji dəhlizlərinin yaradılmasında iştirak edir

Azərbaycan həmçinin yaşıl enerjinin beynəlxalq bazarlara ixracı məqsədilə regional enerji dəhlizlərinin yaradılması üzərində işləyir. Bu istiqamətdə Xəzər–Qara dəniz–Avropa, Mərkəzi Asiya–Azərbaycan, Azərbaycan–Türkiyə–Avropa və Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan yaşıl enerji dəhlizləri üzrə əməkdaşlıq həyata keçirilir.

Sözügedən layihələr Azərbaycanın bərpa olunan enerji potensialının Avropa və digər regional bazarlara çatdırılmasını, elektrik enerjisi sistemləri arasında bağlantıların genişləndirilməsini və regional enerji əməkdaşlığının gücləndirilməsini nəzərdə tutur.

Beləliklə, Azərbaycan energetikası ənənəvi enerji istehsalının modernləşdirilməsi ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafı, yaşıl enerji zonalarının formalaşdırılması və beynəlxalq enerji bağlantılarının qurulması istiqamətində yeni mərhələyə qədəm qoyur.

Yeni enerji texnologiyalarının inkişafı

Azərbaycanda müasir enerji texnologiyalarının tətbiqi istiqamətində də mühüm addımlar atılır. Bu çərçivədə Abşeron və Ağdaşda ümumi gücü 250 MVt, enerji saxlama tutumu isə 500 MVt-saat olan Batareya Enerji Saxlama Mərkəzləri yaradılıb. Yaşıl hidrogen istehsalı imkanlarının araşdırılması, geotermal enerji potensialının qiymətləndirilməsi və Xəzər dənizində külək enerjisindən istifadənin genişləndirilməsi istiqamətində işlər aparılır. Xüsusilə dənizdə külək enerjisi potensialının reallaşdırılması və yaşıl hidrogen texnologiyalarının inkişafı Azərbaycanın enerji mənbələrinin şaxələndirilməsi, enerji sisteminin çevikliyinin artırılması və gələcəkdə yeni enerji ixracı imkanlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Renewables.az 20 Oktyabr – Energetiklər Günü münasibətilə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində və energetika sektorunun inkişafında əməyi olan bütün energetikləri təbrik edir!