Azərbaycan 2035-ci ilə qədər istixana qazı emissiyalarını 1990-cı illə müqayisədə 40 faiz azaltmağı, 2060-cı ilə qədər isə xalis sıfır emissiya səviyyəsinə çatmağı hədəfləyir.
Renewables.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası”nda bildirilib.
Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası 2035-ci ilə qədər emissiyaların 40 faiz azaldılması və 2060-cı ilə qədər xalis sıfır emissiya səviyyəsinə nail olunması istiqamətində sektorlar üzrə dekarbonizasiya tədbirlərini və onların həyata keçirilməsi mexanizmlərini müəyyən edir.
Strategiya elektrik enerjisi, binalar, neft-qaz, nəqliyyat, sənaye, tullantılar, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Sənəddə bərpa olunan enerji mənbələrinin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması, elektrikləşdirmə, aşağı emissiyalı yanacaqların və təmiz hidrogenin tətbiqi, həmçinin karbonun tutulması və saxlanması əsas dekarbonizasiya istiqamətləri kimi müəyyən edilib.
Bərpa olunan enerji potensialı və yeni güclər
Strategiyaya əsasən, Azərbaycanın quruda bərpa olunan enerji üzrə texniki potensialı 135 QVt-dan, dənizdə isə 157 QVt-dan çoxdur. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt qiymətləndirilir. Bunun 23 QVt-ı günəş, 3 QVt-ı külək, 380 MVt-ı bioenerji, 520 MVt-ı isə dağ çaylarının hidroenerji potensialının payına düşür.
Milli planlara əsasən, 2027-ci ilə qədər əsasən daxili elektrik enerjisi tələbatının ödənilməsi üçün təxminən 2 QVt bərpa olunan enerji gücünün istifadəyə verilməsi gözlənilir.
2028–2030-cu illərdə isə əlavə 4 QVt bərpa olunan enerji gücünün yaradılması planlaşdırılır. Bu gücün təxminən 1 QVt-nın daxili istehlaka, qalan hissəsinin isə əsasən elektrik enerjisi ixracı layihələrinə yönəldilməsi nəzərdə tutulur.
Bununla yanaşı, Azərbaycan 2032-ci ilə qədər yaşıl enerji potensialını təxminən 6–8 QVt-yə çatdırmağı hədəfləyir. İstehsal olunacaq enerjinin əhəmiyyətli hissəsinin ixrac edilməsi planlaşdırılır.
Sənəddə quruda külək enerjisinin hazırda iqtisadi cəhətdən daha əlverişli olduğu və günəş enerjisindən sonra prioritet hesab edildiyi bildirilir. Dənizdə külək enerjisinin inkişafı isə texnoloji irəliləyişlər və bazar şərtlərindən asılı olaraq növbəti mərhələdə nəzərdən keçiriləcək.
Elektrik şəbəkələrinin modernləşdirilməsi və enerji saxlama sistemləri
Strategiyada artan elektrik enerjisi tələbatının ödənilməsi və bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası üçün ötürmə və paylama infrastrukturunun modernləşdirilməsi nəzərdə tutulur.
Bu çərçivədə yüksəkgərginlikli elektrik ötürmə xətlərinin gücləndirilməsi, yeni yarımstansiyaların tikintisi, mövcud yarımstansiyaların avtomatlaşdırma və rəqəmsal idarəetmə sistemləri ilə təkmilləşdirilməsi, transformatorların yenilənməsi və ağıllı şəbəkə texnologiyalarının tətbiqi planlaşdırılır.
Sənədə əsasən, paylayıcı şəbəkələrdə əməliyyatların təkmilləşdirilməsi texniki itkiləri potensial olaraq 1–2 faiz azalda bilər.
Bundan əlavə, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin saxlanılması və fasiləsiz enerji təchizatının təmin edilməsi üçün uzunmüddətli enerji saxlama sistemlərinin inkişafı nəzərdə tutulur.
“Azərenerji” ASC-nin məlumatına istinadən sənəddə artıq 250 MVt gücündə enerji saxlama sisteminin quraşdırıldığı qeyd olunur.
Batareya enerji saxlama sistemlərinin genişləndirilməsi günəş və külək enerjisinin elektrik şəbəkəsinə inteqrasiyasını gücləndirəcək, enerji təchizatının etibarlılığını artıracaq və emissiyaların azaldılmasına töhfə verəcək.
Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonaları kimi inkişaf etdirilir
Strategiyada Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşıl enerji zonalarına çevrilməsi Azərbaycanın aşağıkarbonlu inkişaf siyasətinin mühüm istiqamətlərindən biri kimi göstərilir.
Qeyd olunur ki, Prezident İlham Əliyevin 2021-ci il 3 may tarixli Fərmanına uyğun olaraq, bu ərazilərdə “yaşıl enerji zonası” təşəbbüsü həyata keçirilir. Sonradan həmin təşəbbüs COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə də daxil edilib.
Bu çərçivədə regionların əhəmiyyətli bərpa olunan enerji potensialından istifadə edilir və enerji səmərəliliyi layihələri həyata keçirilir.
Bununla yanaşı, “ağıllı” kənd təsərrüfatının inkişafı, minlərlə hektar ərazidə meşələrin bərpası və ekoloji dayanıqlılığın gücləndirilməsi nəzərdə tutulur.
Strategiyada Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən təşəbbüslərin və investisiyaların dayanıqlı inkişafa keçid üçün nümunə olacağı vurğulanır.
Naxçıvan Muxtar Respublikası da yaşıl enerji zonası kimi müəyyən edilib. Sənədə əsasən, burada bərpa olunan enerji layihələrinin həyata keçirilməsi Naxçıvanın xalis enerji ixracatçısına çevrilməsinə imkan yaradacaq.
Bu transformasiyanın muxtar respublikanın regional strateji əhəmiyyətini artıracağı, Azərbaycanın enerji təhlükəsizliyinə və dayanıqlı inkişaf məqsədlərinə töhfə verəcəyi gözlənilir.
Yaşıl enerji ixracı və hidrogen layihələri
Strategiyada Azərbaycanın elektrik enerjisi və hidrogen kimi enerji daşıyıcıları vasitəsilə yaşıl enerji ixracını genişləndirməsi strateji məqsədlərdən biri kimi göstərilir.
Bu istiqamətdə dənizdə külək enerjisi güclərinin inkişafı, elektrolizatorların quraşdırılması və müvafiq enerji infrastrukturunun yaradılması nəzərdə tutulur.
Sənəddə bərpa olunan enerji mənbələrindən daxili tələbatdan artıq istehsal ediləcək elektrik enerjisinin ixrac bazarlarına yönəldiləcəyi qeyd olunur. Batareya enerji saxlama sistemlərinin tətbiqi də bu prosesin dəstəklənməsinə xidmət edəcək.
Bununla yanaşı, Azərbaycanın beynəlxalq hidrogen bazarlarında potensial təchizatçı kimi mövqeyinin gücləndirilməsi məqsədilə yaşıl hidrogen ixracı layihələrinin inkişafının və reallaşdırılmasının təşviqi nəzərdə tutulur.
Binalarda enerji səmərəliliyinin artırılması
Strategiyada binalar sektorunun dekarbonizasiyası üçün təbii qazdan istifadənin mərhələli şəkildə azaldılması, elektrikləşdirmə və enerji səmərəliliyi tədbirlərinin genişləndirilməsi planlaşdırılır.
Sənədə əsasən, 2060-cı ilə qədər bütün binaların bərpa olunan enerji ilə işləyən elektrikli hava-su tipli istilik nasosları ilə təchiz edilməsi gözlənilir.
Qeyd olunur ki, elektrik istilik nasosları ənənəvi təbii qazla işləyən istilik sistemləri ilə müqayisədə təxminən üç dəfə səmərəlidir.
Həmçinin 2060-cı ilə qədər bütün mövcud və yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu məqsədlə qabaqcıl izolyasiya materiallarının və ikiqat şüşəli pəncərələrin tətbiqi nəzərdə tutulur.
Bundan əlavə, binalarda təbii qazla işləyən yemək bişirmə avadanlıqlarının bərpa olunan enerji ilə işləyən elektrik sobaları ilə əvəz edilməsi, LED işıqlandırmanın və yüksək enerji səmərəliliyinə malik məişət avadanlıqlarının tətbiqinin genişləndirilməsi planlaşdırılır.
Bu tədbirlər binaların enerji istehlakının, kommunal xərclərin və istixana qazı emissiyalarının azaldılmasına yönəlib.
Elektrik enerjisi sektorunun emissiyalarının azaldılması
Strategiyada qeyd olunur ki, 2022-ci ildə Azərbaycanın elektrik enerjisi sektorunda istixana qazı emissiyaları 14,4 milyon ton CO₂ ekvivalenti təşkil edib. Bu, ölkənin ümumi emissiyalarının təxminən 20,7 faizinə bərabər olub.
Sektorda emissiyaların əsas mənbəyi elektrik enerjisinin istehsalı zamanı təbii qazın yandırılmasıdır.
Emissiyaların azaldılması üçün bərpa olunan enerji mənbələrinin payının artırılması, enerji səmərəliliyinin yüksəldilməsi, elektrik şəbəkələrinin modernləşdirilməsi və enerji saxlama sistemlərinin inkişafı əsas tədbirlər kimi müəyyən edilib.
Xalis sıfır hədəfinə keçid üçün investisiyalar
Strategiyada bildirilir ki, 2060-cı ilə qədər xalis sıfır emissiya səviyyəsinə çatmaq bütün sektorlar üzrə əhəmiyyətli investisiyalar tələb edəcək.
Elektrik enerjisi sektorunda kapital qoyuluşlarının böyük hissəsinin batareya enerji saxlama sistemlərinin quraşdırılmasına və külək elektrik stansiyalarının inkişafına yönəldilməsi gözlənilir.
Bununla yanaşı, günəş enerjisi güclərinin genişləndirilməsi və elektrik şəbəkəsi infrastrukturunun təkmilləşdirilməsi üçün də investisiyalar zəruri hesab olunur.
Sənəddə qeyd edilir ki, yüksək ilkin xərclərə baxmayaraq, bərpa olunan enerji mənbələrinə keçid uzunmüddətli perspektivdə əməliyyat xərclərinin azalmasına və elektrik enerjisi istehsalının daha səmərəli təşkilinə imkan verə bilər.
Xalis sıfır hədəfinə nail olunması üçün beynəlxalq maliyyə dəstəyi, texnologiya transferi, güzəştli maliyyələşdirmə, qrantlar, dövlət-özəl tərəfdaşlığı və digər investisiya mexanizmlərinin əhəmiyyəti vurğulanır.
Qeyd edək ki, Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası 2035-ci ilə qədər emissiyaların 40 faiz azaldılması və 2060-cı ilə qədər xalis sıfır emissiya səviyyəsinə nail olunması istiqamətində sektorlar üzrə dekarbonizasiya tədbirlərini və onların həyata keçirilməsi mexanizmlərini müəyyən edir.